“KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” - ADU-da müzakirələr

Azərbaycan Dillər Universitetində (ADU) filologiya və jurnalistika fakültəsinin virtual jurnalistika kafedrasının müəllimi Nərgiz Cavadzadənin təşkilatçılığı ilə “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, xalqın həyat tərzində inkişaf nə qədər yüksək səviyyədə gedirsə, dil də onunla paralel şəkildə inkişafını tənzimləyir.

“Dil başqa dillərdən sözlər almalı, ünsiyyətə girməli və tərkibində müəyyən dəyişikliklər etməlidir. Ədəbi dilimizdə qarşılığı olan sözlər əvəzinə alınma sözdən istifadə doğru deyil. Eləcə də dilimizə daxil olan alınma söz artıq bizim sözümüzdür, ədəbi dilimizdə hüquq qazanan sözü işlətmək borcumuzdur. Amma dilimizin yersiz olaraq başqa dillərin təsirinə düşməsinə imkan vermək olmaz. Mətbuatda dil qüsuru cəmiyyətə öz mənfi təsirini göstərir. Gərək jurnalist müstəqilliyin verdiyi imkandan öz üslubunun ortaya qoyulmasında istifadə edə bilsin. Biz jurnalistin əl-qolunu bağlaya bilmərik ki, öz üslubunu tapmasın. Jurnalist söz manevri də etməli, mövzuya yanaşmanın da yeni-yeni yollarını axtarmalıdır. Əlbəttə, dilin leksik, qrammatik qaydalarını pozarsa, üslub pərakəndəliyinə yol verərsə, dilə ziyan vuracaq. Biz istedadlı jurnalistlərin qayğısına qalmalı, onlara meydan verməliyik ki, öz üslublarını tapa bilsinlər”, - deyə akademik bildirib. O, Prezident İlham Əliyevin dilin inkişafı, onun təmizliyi, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən də danışıb.

“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qeyd edib ki, dilin saflığının qorunması ilə əlaqədar KİV-lərdə aparılan monitorinqlər mütəmadi olmalıdır. Yetişən nəslin beynində, barmaq və göz yaddaşında sahman yaradana qədər monitorinqlər davam etməlidir. “Azərbaycançılığın qorunmasında üç əsas amil var - Azərbaycan insanı, məkanı və bir də dilimiz. Bu üç komponent bir yerdə azərbaycançılığın həm də dövlətçiliyin ideologiyasına çevrilməsində rol oynayıb. Düşünürəm ki, bu məsələlərdə ziyalı olaraq öz səsimizi qaldırmalı, dərhal münasibətimizi bildirməliyik. Qəzetdə, jurnalda gördüyümüz orfoqrafik, üslubi səhvləri, yerində olmayan alınma sözlərlə bağlı iradlarımızı həm yazılı bildirməli, həm də zəng edib çatdırmalıyıq”, - deyə S.Vəliyeva bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, dilimizin saflığının qorunmasına hər zaman dövlət səviyyəsində diqqət göstərilir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə 30-a yaxın dövlət sənədi qəbul olunub. Bu sənədlərin hər birində dilimizin təmizliyi, onun yad təsirlərdən qorunması, Azərbaycan dilinin işləkliyinin təmin olunması əsas şərt kimi qoyulub.

ADU-nun rektoru, akademik Kamal Abdulla isə dövlət başçısının son dərəcə düşünülmüş, müdrik qərar və sərəncamlarının məhz dilimizin inkişafına xidmət etdiyini deyib. Rektor bildirib ki, ədəbi dilin normalarını pozan televiziya aparıcılarını Azərbaycan dilində kitab oxumağa məcbur etmək lazımdır.

Azərbaycan dili kafedrasının müdiri, Dövlət Dil Komissiyasının üzvü Adil Babayev aparıcılara təmənnasız olaraq gündə 6 saat nitq mədəniyyəti, ədəbi redaktə ilə bağlı dərs keçmək təklifi ilə çıxış edib.

Daha sonra qonaqlar ali məktəbin müəllim və tələbələrinin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə