Milli Preventiv Qrupun üzvləri tərəfindən başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti saxlama yerinə (MSY) həyata keçirilib. SİA xəbər verir ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müvəqqəti saxlama yerində saxlanılan şəxs olmamışdır. Bu baxımdan başçəkmə çərçivəsində əvvəlki tarixlərdə saxlanılan şəxslərin saxlanılmasına dair sənədlər araşdırılmış, kameralara baxışlar keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılmış, mövcud ehtiyaclar öyrənilib.

Yekunda BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun müddəaları və müvəqqəti saxlama yerlərinin Daxili İntizam Qaydaları əsasında MSY əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilmiş, habelə idarə rəhbərliyi ilə sənədləşmənin aparılması işinin təkmilləşdirilməsi və müraciətlərin təmini məsələləri müzakirə olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə