Lənkəranda taekvondo üzrə ilin yekunları müzakirə edildi

Lənkəran Olimpiya İdman Kompleksində Taekvondo idman növü üzrə 2018- ci ilin yekunlarına dair hesabat iclası keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və idman İdarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, 2018- ci il həm rayonumuzun, həm də ölkəmizin idman həyatında uğurlu nəticələrlə yadda qalıb. Ölkə başçısı cənab Prezident İlham Əliyevin idmana və idmançılara yüksək diqqət və qayğının nəticəsi olaraq respublikanın hər bir bölgəsində olduğu kimi Lənkəranda da idmanın bütün növlərində uğurlu nəticələr əldə edilib. Bu il Ölkə başçısının iştirakı ilə istifadəyə verilən Lənkəran Olimpiya İdman Kompleksi rayonda idmanla məşğul olan bütün idmançıların, eləcə də böyüməkdə olan gənc nəslin sevincinə səbəb olub, onların idmançı kimi yetişməsində və beynəlxalq yarışlarda iştirakına təkan verib.

Tədbirdə “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq-Gənclər İdman Şahmət Məktəbinin direktoru İdrak Dadaşov və Şəhər 7 saylı məktəbin direktoru Ülviyyə Əliyeva il ərzində qazanılan uğurlardan, əldə olunmuş nəticələrdən danışmaqla bərabər gənc idmançılara öz tövsiyələrini veriblər.

Respublikanın əməkdar məşqçisi Vüqar Soltanov yetirmələrini il ərzində əldə etdiyi uğurlar münasibətilə təbrik edərək , 2019- cu ildə qarşıda duran vəzifələr və məqsədlər haqqında danışıb.

Tədbirdə iştirak edən Lənkəranın fəxri idmançısı, hal-hazırda taekvondo üzrə kişilərdən ibarət milli komandanın kapitanı, üç qat Avropa mükafatçısı, Dünya çempionatının və Dünya kubokunun mükafatçısı, London – 2012 Olimpiya oyunlarının dünya təsnifat turnirinin qalibi , IV İslam Həmrəylik oyunlarının qalibi Ramin Əzizov çıxışında gənc idmançıları əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edərək, onlara öz uğur hekayəsi haqqında məlumat verib.

Tədbirin sonunda il ərzində uğur qazanmış idmançılara idarənin Fəxri Fərmanları, eləcə də Dünya Taekvondo Federasiyasının rəsmi nümayəndəsi Oh Kvon Çolun rəhbərlik etdiyi qara kəmər dan imtahanından uğur qazanmış 27 idmançıya Taekvondo idman növü üzrə Beynəlxalq dərəcəli qara kəmər, 1,2,3 və 4-cü dan dərəcələri, Dünya Taekvondo Federasiyasının sertifikatları təqdim olunub.

Tədbirdə idmançılarla yanaşı, onların valideynləri də iştirak edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə