AQTA sədri ABŞ səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüb FOTO

Dekabrın 17-də Qida Təhlükəsizliyi Agentliyinin Sədri Qoşqar Təhməzli Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gillin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Agentlikdən SİA-ya verilən məlumata görə, görüşdə Müdafiə üzrə Attaşe, Polkovnik Adam Kavlick, Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (TAMA) ölkə üzrə rəhbəri Mayor Kourtney Olson iştirak edib.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Sədri nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin, tərəflər Bioloji Təhlükənin Azaldılması Proqramı üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Q.Təhməzli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi və effektiv nəticənin əldə edilməsi məqsədi ilə Agentlik əməkdaşlarının, xüsusilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında çalışan işçilərin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA) tərəfindən təlimlərə cəlb edilməsinin önəmini vurğulayıb. İnsan resurslarının inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayan Qoşqar Təhməzli nümayəndə heyətinə beynəlxalq standartlara uyğun laboratoriyaların qurulmasında Azərbaycanla sıx əməkdaşlıq etməyi təklif edib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill isə səmimi qarşılanmaya görə Qida Təhlükəsizliyi Agentliyinin Sədrinə minnətdarlığını bildirib və Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması sahəsində iki ölkə arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə