İlahiyyat İnstitutunda yeni təlim keçirilib - “1:0 öndə başlamaq”

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) PAŞA HOLDİNG “AQROVEST DC” İnsan Resursları Departamentinin direktoru Oğuz Heydərlinin təqdimatında “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib. İnstitutun mətbuat xidmtindən SİA-ya verilən məlumatına görə, Aİİ-nin rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, İnstitutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi məqsədilə müxtəlif mövzularda seminarlar və görüşlər təşkil olunur.

Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən rektor gənclərə məsuliyyət vərdişlərinin aşılanmasında, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin xüsusi rol oynadığını vurğulayıb.

C.Məmmədov tələbələrə uğura nail olmaq, qarşıya qoyulan məqsədə çatmaq və sənətinin peşəkarı olmaq üçün oxumaq, öyrənmək haqqında daha çox düşünməli olduqları barədə tövsiyələr verib. Rektor uğurlu yolun bilik və elmdən keçdiyini qeyd edib.

PAŞA HOLDİNG “AQROVEST DC” İnsan Resursları Departamentinin direktoru Oğuz Heydərli “1:0 öndə başlamaq” mövzusunda çıxış edərək bildirib ki, təlimin əsas məqsədi şəxsi inkişafda motivasiya, xoşbəxt və uğurlu yolların aşılanmasıdır.

O.Heydərli müvəffəqiyyətə nail olmuş bir çox insanın məqsədə yetənədək çoxsaylı uğursuzluqlardan keçdiyini qeyd edib. Təlimçi biliklərin əldə edilməsinin inkişafa zəmanət vermədiyini, ən başlıcası, onları tətbiq etməyin vacibliyini vurğulayıb.

O.Heydərli bildirib ki, tənbəl və daim mənfi enerji daşıyan bir insan həyata “1:0” öndə başlaya bilməz.

Tələbələrin qatıldığı təlim maraqlı müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə