Lerik rayonunda 15 ağacın kəsilməsi faktı aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Lerik rayonunun Vizəzəmin kəndi ərazisində yaşköküstə 15 qızılağac ağacının kəsildiyi faktını aşkarlayıblar. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, ağacların kəsilməsi nəticəsində təbiətə 8900 manat məbləğində ziyan dəyib.

Araşdırma zamanı ağacların Lerik rayon sakini Asif Rzayev tərəfindən kəsildiyi müəyyənləşib və faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə