AMEA-da akademik Cəlal Əliyevin 90 illiyinə həsr edilən konfrans keçirilib SƏS TV

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən 9-cu “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, konfransda Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən də alimlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə çıxış edərək görkəmli alimin zəngin elmi fəaliyyətindən, keçdiyi ömür yolundan söz açıb. Qeyd edib ki, akademik ölkədə bioloji müxtəlifliyin mühafizəsi və istifadəsi strategiyasının hazırlanmasında, xüsusilə Azərbaycanın elm tarixində ilk dəfə yer üzərində həyatın əsasını təşkil edən fotosintez prosesinin əsaslı şəkildə öyrənib, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olub. Onun rəhbərliyi ilə yeni fundamental elmi-tədqiqat işləri təşkil edilib. O, akademik Cəlal Əliyevin ölkəmizdə elminin inkişafında böyük izlər qoyduğunu, akademiyanın elmi əlaqələrinin inkişafında mühüm rolu olduğunu deyib.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, akademik Cəlal Əliyev öz fundamental araşdırmaları ilə AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında işgüzar münasibətlərin formalaşmasına böyük töhfələr verib. Qeyd edib ki, bu əlaqələr artıq ciddi əməkdaşlıq müstəvisinə keçib. Nazir çıxışında sentyabr ayında akademiya ilə nazirlik arasında imzalanan sazişdən danışıb: “Bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həllini nəzərdə tutur. İmzalanan sənəd yüksək peşəkarlığa malik kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradır. Belə tədbirlərdən biri də akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunmuş hazırkı beynəlxalq konfransdır”.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov alimin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışıb. Bildirib ki, onun elmi fəaliyyəti əsasən ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrin tədqiqinə yönəlib, alimin dərin nəzəri bilikləri və ideyaları nəticəsində yeni buğda sortlarının yaradılmasına nail olunub. Ə.Əmiraslanov ömrünün altmış ildən çoxunu Azərbaycan elminin inkişafına həsr edən, yüzə yaxın elmi kadrlar hazırlamış görkəmli alim Cəlal Əliyevin 600-dən çox elmi əsərin müəllifi olduğunu deyib.

AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova akademik Cəlal Əliyevin həyatı və elmi fəaliyyəti haqqında danışıb. Cəlal Əliyev məktəbinin yetirməsi olduğu üçün qürur hissi keçirdiyini bildirən İradə Hüseynova müəlliminin Azərbaycan elmindəki misilsiz xidmətlərindən, müsbət insani keyfiyyətlərindən söz açıb. Bir şəxsiyyət kimi tələbələrinə daim örnək olan alimin Azərbaycanda biologiya elminin inkişafında müstəsna rolu olduğunu deyib. Qeyd edib ki, alimin yaratdığı dünya səviyyəli müasir elmi məktəbin yetirmələri bu gün də Azərbaycanda və dünyanın ən nüfuzlu elmi mərkəzlərində tədqiqatlar aparır. Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur.

Tədbirdə Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye “Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzə edib. Professor məruzəsində görkəmli alim Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan bəhs edib.

Sonra Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi akademik Cəlal Əliyev adına mükafatın təqdimatı olub.
Digər çıxış edənlər də dünya şöhrətli alimin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərdən danışıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə