Görüşdə dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyətin yarandığını bildirib
Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev bir çox məsələlər, o cümlədən, Dağlıq Qarabağ barədə geniş danışıb. Bildirib ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb.
Dövlətimizin başçısı qeyd edib: "Bildiyiniz kimi, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq".
Ölkə Prezidenti onu da vurğulayıb ki, bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji və nəqliyyat layihələri Ermənistandan yan keçir: "Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır".
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl, işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub: "O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik".
Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır: "Bizim beynəlxalq nüfuzumuz artır. Mən bunu dəfələrlə qeyd edirəm və bu, sadəcə olaraq, sözlər deyil. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olmuşdur. İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək, öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda, Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur".
Çevik və praqmatik siyasət: Azərbaycan Prezidentinin növbəti qələbəsi
Göründüyü kimi, hadisələr sürətlə dəyişir və maraqlar da yenilənə bilər. Bir də, siyasi lider çevik və praqmatik fəaliyyəti ilə bu kimi məqamlarda vəziyyəti öz xeyrinə dəyişə bilər. Əgər siyasi kurs müasir tələblərə cavab vermirsə və ədalət prinsipinə dayanmırsa, fiasko qaçılmazdır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin çevik və praqmatik siyasətçi xüsusiyyətlərinin nəticəsidir ki, ölkəmiz bütün sahələrdə uğurlu nailiyyətlər əldə edir. Ermənistan isə bunun tam əksidir.
Buna görədir ki, Azərbaycan Prezidentini həm Qərbdə, beynəlxalq təşkilatlarda, həm də MDB məkanında böyük hörmətlə qarşılayır, onunla əməkdaşlığa ciddi diqqət yetirirlər. Deməli, Azərbaycan daha böyük nailiyyətlər üçün tam hazırdır. Dövlətimiz yeni zirvələri fəth etməkdədir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə