Azərbaycan idmanı yüksəliş dövrünü yaşayır

İlham Əliyev: "Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən, 263 qızıl medal əldə edilmişdir"

Müasir dövrümüzdə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar siyasi sabitlik, dövlət proqramlarının, irimiqyaslı layihələrin həyata keçirilməsi müxtəlif sahələrdə nailiyyətlərin əldə olunması ilə müşayiət olunur. Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqayasında imicini də yüksəldib.

Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, bölgələr arasında regional tarazlıq bərpa olunub, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, əmək tutumlu və rəqabət qabiliyyətli yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib. Bütün bunlarla yanaşı, Azərbaycan dünyanın idman arenasında özünə layiqli yer tutur və beynəlxalq yarışlara ev sahibliyi edir. Ümumilikdə, son illərdə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Belə ki, ölkəmizdə yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyinin Bakıya həvalə edilməsi, böyük etimad Azərbaycana olan inamın nəticəsi idi. Azərbaycan bu oyunların standartlarını və səviyyəsini təmin edə bildi. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medalı qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayğının nəticəsi idi. Dünyanın 17 gün ərizində izlədiyi bu elit oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi.

Daha sonra isə paytaxt Bakıda keçirilən yarım əsrdən artıq tarixi olan "Formula-1" idman tarixində yeni maraqlı səhifə oldu. Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdırdı."Formula-1"in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılmışdı. "Formula-1" dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənildi. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatın dünya ictimaiyyətinə çatdırmış oldu. Ölkəmizə gələn "Formula-1" iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi oldular. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti və multikultural mühiti ilə yaxından tanış ola bildilər.

Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də ölkəmizin idman arenasında söz sahibi olmasına dəlalət edir. Dünya və islam aləmi üçün çox önəmli idman yarışmasının ölkəmizdə təşkili dünya miqyasında nüfuzumuzun göstəricisidir. 57 ölkəni təmsil edən idmançıların qatıldığı Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının əsas şüarı "Həmrəylik bizim gücümüzdür" oldu. İslam aləminin bir parçası olan Azərbaycan bu oyunları da ən yüksək səviyyədə keçirdi. Azərbaycana gələn hər kəs ölkəmizdə hökm sürən əmin-amanlığı və sabitliyi bir daha gördülər.

"HƏR BİR BELƏ MÖHTƏŞƏM QƏLƏBƏ CƏMİYYƏTİMİZİN VƏTƏNPƏRVƏRLİK RUHUNU ARTIRIR"

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bu il ölkə həyatında uğurlu nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıraraq, o cümlədən, bir çox önəmli inrfrastruktur layihəsi uğurla icra olunduğunu, neft nəqliyyat və neft-qaz sahələrində tarixi nailiyyətlər əldə edildiyini bildirib. Bu nailiyyətlərin əldə edilməsində isə, əsasən də, xalqımızın böyük dəstəyinin oluduğunu vurğulayıb. Eyni zamanda, 2018-ci ilin idman sahəsində uğurlara müvəfəqq olmağımızı və artıq cəmiyyətimizin buna öyrəşdiyini və bu uğurların hər birimizi sevindirdiyi bildirib: "Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən, 263 qızıl medal əldə edilmişdir. Bu, böyük nəticədir, böyük qələbədir. Bu qələbə münasibətilə idmançılarımızı təbrik edirəm. Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir".

Prezident İlham Əliyev idman qələbələrinin, idmançılarımızın uğurlarının çox böyük məna daşıdığını qeyd edərək, onlara minnətdarığını bildirib. Böyük məmnunluq hissi ilə idmançılarımızın mütləq əksəriyyətinin həyatda da, məişətdə də gözəl nümunə göstərdiyini, vətənpərvərlik, ləyaqət nümunəsi olduğunu diqqətə çatdırıb. Bundan sonra da idmançılarımızın xalqımızı böyük nailiyyətləri ilə sevindirəcəklərinə əminliyini vurğulayıb. "Gənc nəslin yetişməsi nəticəsində, biz bu uğurları əldə edirik. Biz Rio Olimpiya Oyunlarında 18 medal qazanmışıq. Bu medalları qazanan həmin o gənclərdir ki, beş-altı il bundan əvvəl, yeniyetmələrin yarışlarında iştirak ediblər. Biz medalların sayına görə, Rioda 14-cü yerə qalxa bilmişdik. Bu, tarixi nailiyyətdir"-deyən Prezident İlham Əliyev növbəti Yay Olimpiya Oyunlarına hazırlığın gələn il həlledici mərhələyə qədəm qoyacağını və idmançılarımızın buna çox ciddi hazırlaşmağını, ölkəmizi Olimpiya Oyunlarında ləyaqətlə təmsil edəcəklərinə əmin əmin olduğunu bildirib.

Ölkəmizdə idman infrastrukturunun yaradılmasında böyük uğurlar əldə edilib. Prezident qeyd edib ki, ancaq rayonlarda 44 Olimpiya İdman Mərkəzi tikilib və fəaliyyət göstərir. Bu il isə bir mərkəzin tikilməsi, gələn il isə üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur. Bu mərkəzdlərin sayı, ümimilikdə, 47-yə çatacaq.

İDMANÇILARIMIZ DÖVLƏT QAYĞISI İLƏ ƏHATƏ OLUNUB

İdmanın cəmiyyətimizin ayrılmaz bir hissəsi olduğunu nəzərə çarpdıran Prezident İlham Əliyev idmançılarımıza dövlətimiz tərəfindən hər zaman qayğı göstərildiyini, onların diqqətdən kənarda qalmadıqlarını bildirib: "Mən 21 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi həmişə çalışmışam ki, idmançılara qayğı, diqqət göstərim, onların problemlərini həll edim,

onların gözəl çıxışları üçün şərait yaradım. Əlbəttə ki, hər bir nəticə, hər bir uğur gərək qiymətləndirilsin. Ənənəvi olaraq, biz ilin sonunda idmançıları yüksək dövlət mükafatları ilə, pul mükafatları ilə və mənzillərlə mükafatlandırırıq. Bu il də bu mükafatlar verilir, o cümlədən, görkəmli idman nümayəndələrimizə 25 mənzil veriləcəkdir".

Görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. Azərbaycan təkcə Avropaya deyil və bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirir. Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. 2019-cu ildə Bakıda Avropa Gənclər Olimpiya Festivalı, eyni zamanda, tarixdə ilk dəfə olaraq, paytaxtımızda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcək. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə