Müdafiə Nazirliyinin yeni komanda idarəetmə məntəqəsi istifadəyə verilib

Bu gün Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsinin açılışı olub. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti açılışda iştirak ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, nazirə hərbi obyektin təyinatı və fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, məntəqə tabelikdəki bölmələrin operativ idarə olunması və qərarların qəbul edilməsi üçün yuxarı komandanlığa məruzələrin hazırlanmasını həyata keçirir. İdarəetmə məntəqəsinin bütün xidməti və inzibati otaqları yeni avadanlıqla, mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib, asfalt örtüyü salınıb, habelə binaya mərkəzləşdirilmiş istilik sistemi, elektrik, su və qaz xətti çəkilib.

General-polkovnik Zakir Həsənov bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasının daim diqqət mərkəzində saxlanılmasını bir daha xatırladaraq, məntəqənin imkanlarının genişləndirilməsi ilə əlaqədar müvafiq göstərişlər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə