Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində struktur islahatı aparılıb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq Əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatının ştat cədvəlinə dəyişiklik edilməklə, yeni strukturu formalaşdırılıb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, həmçinin müvafiq Əmr əsasında Bakı şəhəri üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) sayı azaldIlaraq paytaxtın rayonları üzrə ümumilikdə 5 TSEK (Yasamal, Səbail, Nəsimi rayonları üzrə 1 saylı, Nərimanov, Nizami, Xətai rayonları üzrə 2 saylı, Qaradağ, Binəqədi rayonları üzrə 3 saylı, Sabunçu, Suraxanı rayonları üzrə 4 saylı və Xəzər, Pirallahı rayonları üzrə 5 saylı TSEK-lər) müəyyən edilib. Qeyd olunan TSEK-lərin fəaliyyəti Bakı şəhərində yaradılacaq beş DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi ilə əlaqəli şəkildə qurulmaqla, mərkəzlərin əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya istiqaməti üzrə xidmətlərinin həyata keçirilməsində iştirak edəcəklər.

Aparılan struktur islahatları tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində idaretmənin optimallaşdırılmasına və işin səmərəliliyinin, bu sahələrdə vətəndaşlara xidmətlərin DOST mərkəzləri müstəvisində tam şəffaf və vətəndaş məmnunluğuna nail olunması prinsipi əsasında keyfiyyətinin artırılmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə