Dövlət Sərhəd Xidmətində hesabat müşavirəsi keçirilib - FOTOLAR

Bu gün Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib, silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2019-cu ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

DSX rəisi bildirib ki, dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti nəticəsində mümkün olub: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin aprel ayının 30-da DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 5-ci “Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 1 gəminin təmə¬lini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, may ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının 13-cü sərhəd zastavasında sərhədçilərlə görüşməsi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarının təkmilləşdirilməsi, sərhədçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması barədə qərarlar verməsi, DSX əməkdaşlarına ali hərbi rütbələrin verilməsi, 3 orden, 41 medal, 8 fəxri adla təltif etdilməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb".

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında son illər ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsi, hərbi hissə və bölmələrin döyüş hazırlığının gücləndirilməsi, yeni silahların və döyüş texnikasının xidməti fəaliyyətdə tətbiqi, şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi sahəsində ciddi nailiyyətlərin əldə olunmasını, 2017-ci ildə mühüm struktur islahatların keçirilməsi, Dövlət Sərhəd Xidmətinin tərkibində 4 silahlı birləşmənin - Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətinin yaradılması ilə xidməti fəaliyyətin daha da optimallaşdırılmasını, nəticə etibarilə Azərbaycan Sərhəd Mühafizəsində qarşıya qoyulan hər bir tapşırığı yüksək səviyyədə icra etməyə qadir olan ciddi hərbi potensialın formalaşdırılmasını xüsusi vurğulayıb.

Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib.

Azərbaycan sərhədçisinə ciddi etimadın ifadəsi olan, Azərbaycan Respublikasının dövlət sərhədinin tam mühafizə altına götürülməsinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunması, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən təşkil olunması, hazırda bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl və dinamik işlərin həyata keçirilməsi böyük qürurla qeyd olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ali Baş Komandanın bu qərarının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlməsini əlavə edib.

2018-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət və Rusiya Federasiyası ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi nəticəsində 03 sentyabr 2010-cu il tarixdə imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilənin icrası üzrə 22 fevral tarixində, müstəqillik illərində ilk dəfə olaraq, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının təməli qoyulmuş, demarkasiya işlərinə başlanılmış və hal-hazıradək 78 ədəd sərhəd nişanı quraşdırılıb.

- Xəzər dənizi hövzəsi dövlətlərinin başçılarının V Zirvə toplantısında dövləti maraqlarımız üçün xüsusi əhəmiyyət kəsb edən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın imzalanması ilə dəniz sərhədlərinin mühafizəsi üzrə xidmət-döyüş fəaliyyəti yeni mərhələyə qədəm qoyub;

- DSX xüsusi məktəbinin yeni inşa olunmuş korpusunun açılış mərasimində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əli-yeva iştirak edib, bu korpusun istifadəyə verilməsi ilə məktəb kursantlarının sayının 3 dəfəyədək artırılması şəraiti yaradılıb;

- Azərbaycan dövlətçiliyinin və Bakı şəhərinin erməni-daşnak hakimiyyətindən azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, döyüş texnikası və sərhəd gözətçi gəmiləri qürur və şərəflə iştirak edib;

- Dahi Öndər Heydər Əliyevin 95 illiyinə, Azərbaycan dövlətçiliyinin 100 illiyinə və 15 iyun Milli Qurtuluş gününün 25 illiyinə həsr olunmuş sərhəd xətti boyu süvari və gəmi yürüşlərində dövlət bayrağımız dalğalandırılıb, Heydər Əliyev və İlham Əliyev zirvələrinə sərhədçi yürüşləri, Yevlax şəhərində 2 km uzunluğunda dövlət bayrağımızla “Zəfərə doğru” yürüşü keçirilib;

- 47 ali təhsil müəssisəsinin iştirak etdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” V Ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası ardıcıl olaraq ikinci dəfə 1-ci yerə yüksəlib;

- dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin yüksək tələblər səviyyəsində təşkil olunub, dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması və viza prosedurları sadələşdirilib, sərhəd nəzarəti sahəsində xidmətə 300 nəfərdən çox yeni əməkdaş cəlb olunub;

- Avropa İttifaqı, NATO, Beynəlxalq Miqrasiya Təşkilatı, GUAM, Frontex Agentliyi kimi beynəlxalq təşkilatlar və Rusiya Federasiyası, İran, Türkiyə, Gürcüstan, ABŞ, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Yaponiya, Belarus, Pakistan sərhəd xidmətləri ilə qarşılıqlı münasibətlər inkişaf etdirilib, xarici şirkətlərlə hərbi-texniki əməkdaşlıq münasibətləri möhkəmləndirilib.

- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib;

- xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib;

- dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanılıb.

- 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

- geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfiindən böyük döyüş məharəti nümayiş etdirilib.

- sərhəd xəttində xüsusi işarəverici texniki qurğuların, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.

- elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsi, xidmətin təşkilində innovativ məhsulların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası ilə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etdirilib;

- dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 119 binadan ibarət tikinti komplekslərinin əsaslı təmirtikintisi həyata keçirilib, “Göytəpə” və “Xudat” sərhəd dəstələrində 2 sərhəd zastavası üzrə 18 bina və qurğunun tikintisi başa çatdırılıb və şəxsi heyətin xidməti istifadəsinə verilib.

- Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq olunmuş sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilmiş, hesabat dövründə bu cür 101 görüş keçirilib.

İl ərzində sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına qarşı 3 halda silahlı müqavimət göstərilmiş, sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunub, hadisə yerində 2 halda avtomat silah, 1 halda 2 ədəd gecə¬görmə cihazı aşkar olunub. O cümlədən, iyun ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən silahlı sərhəd pozucuları ilə atışmada çoxsaylı güllə yaraları almış çavuş Ramazan Kurupovun həyatı təcili tibbi müdaxilə sayəsində xilas edilib, əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində 29 noyabr tarixində dövlət sərhədinin pozulmasının qarşısı alınarkən baş vermiş atışma zamanı sərhədçilər tərəfindən şəxsi şücaət nümayiş etdirilmiş, çavuş R.Kurupov atəş açmış sərhəd pozucusu ayağından güllə yarası almaqla saxlanılıb.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzərilərinə düşən vəzifələri və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri vurğulanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə