AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Erdas Imagine proqram təminatı - təməl və irəli səviyyə” praktiki təlim keçirilir. AMEA-dan SİA-ya verilən xəbərə görə, praktik məşğələlər Avstraliyanın Macquarie Universitetinin müəllimi, doktor Əliəkbər Rəsuli Pirouzian və Cİ “Geoinformatika və Kartoqrafiya” şöbəsinin əməkdaşı Yaşar Nəsibovun rəhbərliyi ilə Coğrafiya İnstitutunda keçirilir.

İki həftə davam edəcək təlimlərdə Coğrafiya İnstitutunun və BDU Coğrafiya fakültəsinin magistrləri, AMEA Neft və Qaz, Geologiya və Geofizika İnstitutu, Fövqəladə Hallar Nazirliyi, Milli Aviasiya Akademiyası, AMEA Mərkəzi Nəbatat Bağı, Əmlak Məsələləri Dövlət Komitəsi, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu və AZERSU" ASC-nin əməkdaşları iştirak edirlər.

Təlimlər ödənişsiz keçirilir. Onların keçirilməsində məqsəd peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin emalının öyrənilməsi, Yerin optik müşahidə peyki olan "Azersky”ın resurslarından istifadənin elmi işçilər tərəfindən genişləndirilməsidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə