Bu dövlət bizə Ulu Öndərimizin əmanətidir DİN FOTO

Dekabrın 12-də DİN-in A.Heydərov adına Respublika Hospitalında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

DİN Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov ulu öndərin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən ətraflı bəhs edib, dahi öndərin memarı olduğu müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafı, respublikamızın bütün sahələrdə, o cümlədən milli səhiyyə sistemində əldə etdiyi nailiyyətlərdən söhbət açıb.

Natiq ümummilli Liderimizin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğulayıb. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi tərəqqi yoluna çıxarıb, müstəqilliyimizi möhkəmləndirib, Azərbaycanı qüdrətli dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyində təmsil olunduğu və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqına sədaqətlə xidmət etməsi, ən çətin və mürəkkəb şəraitlərdə ölkəmizin müstəqilliyi naminə öz həyatını risk altına qoymaqdan belə çəkinmədiyi vurğulanıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulub, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində mühüm addımlar atılıb.

Hospitalın rəisi, tibb xidməti polkovniki İsbi Babaxanov bildirib ki, Ulu öndərimiz Heydər Əliyev döyüşlərin şiddətli vaxtında cəbhədə yaralanmış əməkdaşlarla və Daxili Qoşunların hərbçiləri ilə hospitalda görüşmüş, onların bir sıra xarici ölkələrdə daha yaxşı müalicə alması üçün öz yardımını əsirgəməmişdir. Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanov müəllifi olduğu 3 cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyası barədə məlumat verərək, Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ümummilli lider Heydər Əliyevin nitq və çıxışlarının kompleks şəkildə araşdırılmasından söhbət açıb.

Hospitalın əməkdaşları da çıxış edərək dahi şəxsiyyətin xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib, Ümummilli Liderin Vətən və xalq yolundakı misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə