Konsulluğumuz Los Ancelesin kimsəsiz və evsiz-eşiksiz sakinləri üçün süfrə açıb FOTO

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib. Aksiyada Los Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, isti yeməklər paylanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan SİA-ya verilən məlumata görə, tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun sədri Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Tədbirdən öncə baş konsul N.Ağayev “Los Anceles Missiyası”nın rəhbərliyi ilə görüşüb. Görüş zamanı təşkilat rəhbərliyi bu xeyriyyə aksiyasına evsahibliyi etməsindən məmnunluq ifadə edib və bu aksiyanın nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığı bildirilib.

Baş konsul N.Ağayev Ümummilli lider Heydər Əliyevin ölkəmiz üçün əvəzsiz xidmətlərindən danışaraq, onun Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini bildirib.

Baş Konsulluğun dəvətilə xeyriyyə tədbirinə qatılan Los Ancelesin xristiyan dini icmasının nüfuzlu xadimlərindən olan, ABŞ-ın Milli Latino Yevangelist Koalisiyasının vitse-prezidenti Valter Kontreras, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib.

Aksiya çərçivəsində gün ərzində Los Ancelesin 1000-dək kimsəsiz və evsiz-eşiksiz sakinlərinə yeməklər paylanılıb.

Qeyd olunmalıdır ki, 50 mindən çox kimsəsiz və evsiz-eşiksiz insanın yaşadığı Los Anceles ABŞ-da bu göstəriciyə görə Nyu Yorkdan sonra ikinci yeri tutur və bu problem şəhərin üzləşdiyi ən ciddi problemlərdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə