Bilik Fondu Ümummilli Liderin anım mərasimlərini təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda tədbir keçirilib. Bilik Fondundan SİA-ya bildirilib ki, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə icra hakimiyyətinin təmsilçiləri, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, təhsil, səhiyyə, mədəniyyət sahələrinin əməkdaşları və hakim partiyanın üzvləri iştirak ediblər. Milli Məclisin deputatı Hüseynbala Mirələmov Bilik Fondunun həyata keçirdiyi layihələri yaxından izlədiyini və əhalinin maarifləndirilməsi işinə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Rayon icra hakimiyyəti başçısının müavini Etibar Əhmədov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin xalqın rifahı, dövlətin möhkəmlənməsi naminə göstərdiyi böyük xidmətlərindən danışıblar.

Bildirilib ki, Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasının, xalqın dövlətə inamının, ölkədə hökm sürən sabitlik və dinamik inkişafın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək dövlətimizi beynəlxalq arenada söz sahibinə çevirib.

Görüşdə Fondun lektorlar qrupunun üzvü, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun ssenari müəllifi olduğu, “Carçıfilm” Yaradıcılıq Birliyinin istehsal etdiyi “Zaman və lider” sənədli filmi nümayiş olunub. Filmin nümayişindən sonra M.Qəribov “Heydər Əliyev və Azərbaycanın müasir dövlət quruculuğu” mövzusunda mühazirə ilə çıxış edib.

Natiq müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanılmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli Liderin xidmətləri barədə ətraflı məlumat verib.

Həmin gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Heydər Əliyevin tarixləşmiş şərəfli ömür yolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Bilik Fondu və Pedaqoji Universitetin Şəki filialının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Filialın direktoru Rafiq Rəsulov, elmi işlər üzrə direktor müavini Nuralı Çələbiyev, Fondun Şəki şəhəri üzrə nümayəndəsi, 7 saylı tam orta məktəbin direktoru Bəkir Xəlilov ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan zəngin və mənalı həyat yolundan, onun çoxsaxəli fəaliyyətinin ən önəmli məqamlarından bəhs ediblər.

Konfransda, həmçinin “Heydər Əliyev və davamlı inkişaf strategiyası”, “Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev və Azərbaycanda təhsil islahatları”, “Azərbaycanın dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin xidmətləri”, “Heydər Əliyev və Azərbaycanda gənclər siyasətinin təşəkkülü” mövzularında məruzə və çıxışlar dinlənilib.

Ağsu, Astara və Ağdaşın bilik evlərinin təşkilatçılığı ilə məktəblilər Heydər Əliyev mərkəzlərinə ekskursiya ediblər. Yerlərdə təşkil olunmuş maarifləndirici mühazirələrdə ziyarətçilərə dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumatlar verilib, sənədli filmlər nümayiş etdirilib. Bildirilib ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkə daxilində siyasi sabitliyin bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, sosial-iqtisadi sahədə qazanılan uğurlar, ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi Ulu Öndərin adı ilə bağlıdır.

Qarabağ və Ağstafa Regional bilik evlərinin təşkilatçılığı ilə yerli gənclər Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Ulu Öndərin anım günü ilə əlaqədar açıq dərslər keçirilib. Rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirlərdə Heydər Əliyevin dövlətçilik tariximizdəki yeri, misilsiz xidmətləri xatırlanıb, müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.

Dahi şəxsiyyətin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı uğrunda misilsiz xidmətlərinə həsr olunmuş maarifləndirici tədbirlər Bilik Fondunun şəhər və rayon nümayəndələrinin rəhbərlik etdikləri təhsil müəssisələrində də keçirilib.

Fondun dəstəyi ilə Oğuz, Qax, Nardaran və Şəmkirin bilik evlərində də Ümummilli Liderin anım günü ilə bağlı silsilə maarifləndirici mühazirələr, yerli əhali ilə ziyalıların görüşləri təşkil olunacaq, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə