AMEA Naxçıvan Bölməsində Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb FOTO

Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın uğurlu gələcəyinə işıq salan mükəmməl inkişaf konsepsiyası hazırlayıb və mənalı ömrünü bu ideyaların həyata keçirilməsinə həsr edib. Görkəmli dövlət xadimi Azərbaycanın müqəddəratının həll olunduğu bütün təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, onu zamanın ağır məngənəsindən xilas edib. SİA-nın məlumatına görə, bu fikirlər AMEA Naxçıvan Bölməsində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Heydər Əliyev - əbədiyaşar lider” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində Ulu Öndərin genişmiqyaslı fəaliyyətindən danışıb. Akademik bildirib ki, Ümummilli Liderin respublikamıza rəhbərliyi dövrlərində bütün sahələrdə yüksəlişə nail olunub, ölkənin hərtərəfli inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, Ümummilli Liderimizin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövr təkcə bu qədim diyarın deyil, bütün Azərbaycanın gələcək taleyində mühüm rol oynayıb. Naxçıvanın ağır günlər yaşadığı, blokada çətinliyinin və işğal təhlükəsinin getdikcə dərinləşdiyi bir vaxtda Ulu Öndərin rəhbərliyi ilə muxtar respublikada tarixi qərarlar qəbul edilib, dövlət müstəqilliyinin bərpasının əsası qoyulub.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Heydər Əliyev - əbədiyaşar lider” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Ümummilli Liderin “Nə qədər Azərbaycan var, mən də varam!” sözlərini xatırladıb, Ulu Öndərin milli dövlətçilik ənənələrimizin dirçəldilməsi ilə bağlı həyata keçirdiyi tədbirləri tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıb. Musa Quliyev bildirib ki, hər zaman milliliyə xüsusi diqqət yetirən Heydər Əliyevin müdrik siyasətinin uğurla reallaşdırılması nəticəsində Azərbaycan, o cümlədən Naxçıvan sürətlə inkişaf etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə