Orta məktəbin həyətində 2 ədəd mina aşkarlanıb FOTOLAR

Ağcabədidə 2 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (TM-62) aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SİA-ya verilən məlumata görə, 2018-ci il 11 dekabr tarixində saat 10:36-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 10:43-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Qaradolaq kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 saylı kənd orta məktəbinin söküntü aparılan hissəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (TM-62) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim minalarının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə