Polis Akademiyasında elmi-praktik konfrans keçirilib FOTO

Polis Akademiyasında elmi-praktik konfrans keçirilib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Səhiyyə Nazirliyinin Xəzər rayonunda yerləşən 5 nömrəli uşaq evindən dəvət olunmuş azyaşlılara hədiyyələr təqdim ediblər.

Konfransda Ombudsman aparatının nümayəndəsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Dövlət Gömrük Akademiyasının və Polis Akademiyasının dinləyiciləri, tələbələri, kursantları və professor-müəllim heyəti iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev bu sahədə Daxili İşlər Nazirliyinin uğurlu fəaliyyətini və respublikada “Uşaq hüquqları aylığı”nın keçirilməsi ilə əlaqədar Polis Akademiyasında BMT tərəfindən qəbul edilmiş “Uşaq hüquqları Konvensiyası”nın müddəalarına müvafiq tədbirlərin həyata keçirilməsinə böyük önəm verildiyini qeyd edib.

Bildirilib ki, respublikamızda elm və təhsilin davamlı inkişafında, uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında digər dövlət təşkilatları, elm və təhsil müəssisələri kimi Daxili İşlər Nazirliyinin Polis Akademiyası da mühüm rol oynayır. N.Əliyev çıxışının sonunda konfransın işinə uğurlar arzu edib.

Daha sonra Ombudsmanın nümayəndəsi Rəşid Rumzadə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın konfrans iştirakçılarına salamlarını çatdırıb və bildirib ki, bu kimi tədbirlər Akademiyada mütəmadi keçirilir.

Konfransda Polis Akademiyasının “Elmi-tədqiqat və redaksiya- nəşriyyat” şöbəsinin rəisi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Günay Məmmədova, Lalə Novruzova, Polis Akademiyasının kursantları, Kursant Elmi Cəmiyyətinin üzvləri Fidan Heydərova, Rasəd Əsədbəyli, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri, Tələbə Həmkarlar Təşkilatının üzvləri Nigar Nəcəfzadə, Mirazər Məmmədzadə, Səkinə Musayeva, Nərgiz Suleymanova, Dövlət Gömrük Akademiyasının tələbələri Həsən Həsənzadə, və Zeynəb Babayeva uşaq hüquqlarının müxtəlif istiqamətləri barədə çıxış ediblər.

Maraqlı çıxışlar və diskussiyalarla yadda qalan tədbirin sonunda sertifikatlar və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə