Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir. Xəbər verilir ki, 9 dekabr - Beynəlxalq Antikorrupsiya Günü ərəfəsində Malayziyanın inzibati mərkəzi olan Putracaya şəhərində korrupsiyaya qarşı mübarizədə səylərin birləşdirilməsi mənasını daşıyan və təmiz əli təsvir edən “Korrupsiyaya yox” heykəlinin açılış mərasimi olub. Qətər Dövlətinin dəstəyi ilə quraşdırılan və sayca üçüncü olan bu heykəl 2016-cı ildə Cenevrədə, ötən il isə Vyanada ucaldılıb. Mərasimdə Malayziyanın Baş naziri Mahathir Məhəmməd, Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov iştirak ediblər.
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov IAACA-nın vitse-prezidenti kimi xüsusi qonaq qismində həmin tədbirə qatılıb. Mərasimdən əvvəl ədliyyə naziri Qətərin Əmiri, Malayziyanın Baş naziri və BMT-nin yüksək təmsilçisi ilə görüşüb.
Sonra nazir Qətər Əmirinin təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Antikorrupsiya təltifinin təqdimat mərasimində iştirak edib. Tədbirdə korrupsiya ilə mübarizədə innovativ təcrübələrin tətbiqinə, fundamental elmi təhlillərin aparılmasına və gənclərin antikorrupsiya tədbirlərində iştirakına görə ucaldılmış heykəli təcəssüm etdirən təltiflər təntənəli şəkildə təqdim olunub.
Həmin günlərdə Putracaya şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə təşkilatın fəaliyyətinə dair mühüm mövzular, xüsusilə Assosiasiyanın Konstitusiyasına dəyişikliklərin edilməsi, qurumun perspektiv proqramı, maliyyə və digər təşkilati məsələlər müzakirə olunub.
İclasda çıxış edən F.Məmmədov Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirləri, o cümlədən Azərbaycan brendi olan “ASAN xidmət”in yüksək vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti barədə məlumat verib, müzakirə olunan məsələlərə dair bir çox təkliflər irəli sürüb. Bu təkliflər yekdilliklə qəbul edilib.
İclasda, həmçinin IAACA Konstitusiyasının yeni redaksiyası razılaşdırılıb və gələcək tədbirlər müəyyən olunub. O cümlədən korrupsiya ilə mübarizədə zərər çəkmiş şəxslərə dəstək göstərmək üçün IAACA-nın xüsusi maliyyə fondunun yaradılması qərara alınıb.
Tədbirdə Azərbaycanın beynəlxalq antikorrupsiya fəaliyyətində yaxından iştirakı, təşkilatın inkişafına və antikorrupsiya əməkdaşlığının genişləndirilməsinə verdiyi mühüm töhfələr təqdir olunub.
Eyni zamanda, iclasda ölkəmizdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar video və foto slaydlarla müşayiət olunan xüsusi təqdimat keçirilib. Ədliyyə naziri Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və həmin dövrdə qəbul edilən mütərəqqi demokratik qərarlardan, habelə ölkəmizin bugünkü nailiyyətlərindən danışıb. Xüsusilə Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin bu sahəyə qayğısından bəhs edən F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatları barədə məlumat verib. Azərbaycanın bu sahədə uğurlarının BMT, Avropa Şurası, Dünya Bankı, Beynəlxalq Qızıl Xaç Komitəsi və s. mötəbər beynəlxalq təşkilatlar tərəfindən təqdir edildiyi, o cümlədən Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görüldüyü qeyd olunub. Həmçinin mütərəqqi nailiyyətlərimizin beynəlxalq aləmdə növbəti etirafının təzahürü olaraq Azərbaycan nümayəndəsinin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti vəzifəsinə yenicə seçildiyi vurğulanıb.
Çıxış zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri xüsusi olaraq iştirakçıların diqqətinə çatdırılıb.
Təqdimatdan sonra IAACA İcraiyyə Komitəsinin üzvlərinə Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunan xatirə rəmzləri təqdim edilib.
Səfər çərçivəsində Azərbaycan ədliyyə naziri bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirərək antikorrupsiya sahəsində birgə fəaliyyətə dair faydalı danışıqlar aparıb.
Tədbirlərdə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə