Respublikamızın 138 yerlik siyahıda 98-ci pillədə qərarlaşması göstərir ki, ölkədə terrorizm təhlükəsi, praktiki olaraq yoxdur
Xəbər verdiyimiz kimi, Azərbaycan İqtisadiyyat və Sülh İnstitutunun bu günlərdə açıqladığı yeni "Qlobal terrorizm indeksi" məruzəsində reytinqini üç pillə yaxşılaşdıraraq, 98-ci yeri tutub. Ölkəmiz bu göstəriciyə görə Cənubi Qafqazda liderdir. Gürcüstan siyahıda 89-cu, Ermənistan isə 83-cü yeri tutur.
"Qlobal terrorizm indeksi"ni müşayiət edən reytinqdə ilk yerləri terrorçuluq fəaliyyətinin və terrorizm təhlükəsinin daha yüksək olduğu ölkələr, sonuncu yerləri isə, ən təhlükəsiz ölkələr tutur. Azərbaycanın 138 yerlik siyahıda 98-ci pillədə qərarlaşması göstərir ki, ölkədə terrorizm təhlükəsi, praktiki olaraq yoxdur.
Reytinqin dünya "lider"ləri üçlüyünə İraq, Əfqanıstan və Nigeriya daxildir. Rusiya 34-cü, ABŞ 20-ci, Almaniya 39-cu, Fransa 30-cu yerdədir. Ukrayna siyahıda 21-ci, Tacikistan 74-cü, Qazaxıstan 75-ci, Qırğızıstan 80-ci, Moldova 116-cı, Özbəkistan 132-ci, Türkmənistan və Belarus 138-ci pillədədir.
Qeyd edək ki, "Qlobal terrorizm indeksi" Avstraliyanın Sidney Universitetinin İqtisadiyyat və Sülh İnstitutunun himayəsi altında beynəlxalq ekspert qrupu tərəfindən hər il hazırlanan kompleks tədqiqatdır. Tədqiqatın müəllifləri bu və ya digər ölkədə terrorizm fəallığını dörd əsas göstərici - terror aktlarının sayı, ölənlərin sayı, zərərçəkənlərin sayı və maddi ziyanın səviyyəsi ilə dəyərləndirirlər. Bundan başqa, indeks hazırlanarkən, terrorizm fəallığı ilə, bilavasitə bağlı ola bilən bir sıra digər amillər təhlil edilir.
Sahibkar və xeyriyyəçi Stiv Killeleanın 2007-ci ildə təsis etdiyi İqtisadiyyat və Sülh İnstitutu dünyada ən nüfuzlu 15 analitik mərkəzdən biridir. İnstitutun apardığı tədqiqatların nəticələrindən hökumətlər, elmi müəssisələr, analitik mərkəzlər, qeyri-hökumət qurumları, eləcə də, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı və BMT kimi beynəlxalq təşkilatlar istifadə edir. Mərkəz hər il "Qlobal terrorizm indeksi" ilə yanaşı, "Qlobal sülhsevərlik indeksi" və digər məruzələr hazırlayır.
Məruzənin müəllifləri qeyd edirlər ki, dünyada terror aktları nəticəsində, ölənlərin sayı üç ildir dalbadal azalır. Ötən il terrorizm qurbanlarının sayı 2014-cü ildə qeydə alınmış ən yüksək göstərici ilə müqayisədə 44 faiz azalaraq, 18,8 min nəfər olub. Terrorizm fəallığının aşağı düşməsinin əsas səbəblərindən biri kimi İraq və Suriyada "İŞİD" terrorçu qruplaşmasının get-gedə zəifləməsi göstərilir. Son üç il ərzində Suriyada terrorçuların öldürdükləri adamların sayı, demək olar ki, iki dəfə azalıb: 2017-ci ildə bu ölkədə 1,1 min nəfər terror aktlarının qurbanı olub, halbuki həmin rəqəm 2016-cı ildə 2,1 min nəfər, 2015-ci ildə 2,7 min nəfər idi. 2017-ci ildə İraqda təxminən 4,5 min nəfər öldürülüb, halbuki bir il əvvəl ölkədə terrorçuların öldürdüyü adamların sayı 9,8 min nəfərə çatıb.
"Qlobal terrorizm indeksi"nin müəllifləri nəzərə çarpdırırlar ki, 2017-ci ildə terrorizm fəallığının zəifləməsi müşahidə edilsə də, "İŞİD" ən fəal terrorçu qruplaşma olaraq qalıb. Onun ardınca çoxsaylı hücumlar həyata keçirmiş "Cəbhə ən-Nüsrə" gəlir.
İqtisadiyyat və Sülh İnstitutunun təsisçisi Stiv Killeleanın fikrincə, terrorizmin siması dəyişkəndir. Belə ki, bir terrorçu qruplaşma yoxa çıxır, başqa birisi peyda olur. İnstitutun hesablamalarına görə, 2017-ci ildə dünyada 169 qruplaşma insan tələfatı ilə nəticələnən terror aktları törədib. Onların 42-si ya yeni təşkilatlardır, ya da son üç ildə adam öldürməmiş qruplaşmalardır.
2017-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib. Bu isə bir il əvvəl dəymiş ziyandan 42 faiz azdır. İnsan tələfatı ilə nəticələnmiş terror aktları dünyanın 67 ölkəsində törədilib. ABŞ və Qərbi Avropada sağçı radikalların həyata keçirdikləri terror aktlarının sayının artdığı diqqəti cəlb edir. Orada 2013-2017-ci illərdə ifrat sağçıların təşkil etdikləri hücumların sayı 127-yə çatıb, 66 nəfər həlak olmuşdur. 2017-ci ildə isə 17 nəfər ifrat sağçıların qurbanı olub.
Bu gün dünyada terrorizm fəallığının nəzərəçarpan dərəcədə aşağı düşməsi bu bəlanın tezliklə yoxa çıxacağı mənasına gəlmir. Yuxarıda qeyd olunduğu kimi, terrorizmin siması tez-tez dəyişir, insan qanı tökməkdə "məşhurlaşmış" qruplaşmalar adlarını dəyişdirməklə, yenidən bədnam fəaliyyətini davam etdirir. Yaxud bir terrorçu təşkilatın şinelindən yeni radikal qruplar çıxır. Məsələn, "İŞİD" və "Cəbhə ən-Nüsrə"nin "əl-Qaidə"dən törəməsi heç kimə sirr deyil. Digər tərəfdən, dünyanın güc mərkəzlərinin terrorizmə birmənalı yanaşmaması bu bəla ilə mübarizəni çətinləşdirir.
Bütün bunlara baxmayaraq, erməni terrorizmindən hələ də əziyyət çəkən Azərbaycan Respublikasının terrorçuluq fəaliyyətinə münasibəti birmənalıdır. Dövlətimiz terrorizmin hər hansı təzahürünü rədd edir və onunla barışmaz mübarizəni davam etdirir. Amma bununla belə, respublika daxilində də təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə