"Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum" keçirilib - TƏDBİR - FOTOLAR
Bu gün Gənclər və İdman Nazirliyinin və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə "Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri B.Muradova bu gün dünyada insan hüquqları ilə bağlı vəziyyətin narahatverici olduğunu qeyd edib. O bildirib ki, münaqişələr dünyada fundamental insan hüquqlarının pozulmasına səbəb olub. Dünyada hüquqların pozulması ilə yanaşı, irqi, dini ayrı-seçkiliklər də qeydə alınır.
Vitse-spiker Azərbaycanda insan hüquqlarının təmin edilməsi ilə bağlı lazımi qanunvericilik bazasının yaradıldığını deyib. O qeyd edib ki, Azərbaycan Konstitusiyasında və digər milli qanunvericilik bazasında insan hüquqlarının təmin olunması, azad yaşamaq, təhsil almaq və digər fundamental hüquqların təmin edilməsi üçün lazımi addımlar atılıb: "Azərbaycan, həmçinin bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Görülən işlər ölkəmizdə daha nikbin gələcəyi proqnozlaşdırmağa imkan verir".
Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev, insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova dünyada insan hüquqları sahəsində baş verənlər proseslər və Azərbaycanda bu sahədə əldə olunan uğurlar haqqında danışıblar.
Qeyd edək ki, Avropa Şurasının Azərbaycan üzrə fəaliyyət planına uyğun olaraq, 2017-2018-ci illərdə "İnsan hüquqlarının təhsili üzrə multiplikatorlar və təlimçilər üçün uzunmüddətli təlim kursu" və "Azərbaycandan olan milli, regional və yerli səviyyədə gənclərlə işləyən dövlət mütəxəssisləri və gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün demokratik vətəndaşlıq və gənclərin iştirakı üzrə milli təlim kursu" Bakı və Strasburq şəhərində keçirilib.
Bununla yanaşı, gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə "Kompas" və gənclərin ictimai həyatda yerli və regional səviyyədə iştirakına dair yenilənmiş Avropa Xartiyası üzrə "Öz sözünü de" təlimat vəsaitləri Azərbaycan dilinə tərcümə olunaraq çap edilib.
Forum çərçivəsində nəşr edilmiş təlimat vəsaitlərinin təqdimatı və onlardan istifadə qaydalarına dair seminar, həmçinin təlim kurslarını müvəffəqiyyətlə bitirmiş iştirakçılara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə