Səbail rayonunda payız-qış mövsümünə hazırlıq müzakirə edilib

Səbail Rayon İcra Hakimiyyətində 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında icra hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilib. SİA xəbər verir ki, iclasda çıxış edən rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov mövsümə hazırlıqla əlaqədar görülən işlər haqqında geniş məlumat verib.

Bildirib ki, rayon icra hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Qeyd olunub ki, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, xüsusi texnikalar tam işlək vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub.

İclasda digər çıxış edənlər payız-qış mövsümünə hazırlığın yekunu ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barədə məlumat veriblər.

Sonra rayon təsərrüfatının 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb, müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə