Mixail Qusman: "AZƏRTAC mötəbər informasiya mənbəyidir"

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu fikri CBC telekanalının “Xüsusi buraxılış” verilişində söyləyib. Xəbər verilir ki, verilişin bu buraxılışı əsasən “Yanlış informasiya siyasəti müasir dünyada sabitliyə təhdiddir” mövzusuna həsr edilib. Mixail Qusman aparıcının son vaxtlar feyk xəbərlərin geniş yayılması barədə sualının cavabında qeyd edib ki, müasir informasiya məkanı müxtəlif xarakterli informasiya ilə o qədər doldurulub ki, xəbərlərin istehlakçısı bu informasiya axınından baş çıxarmağa çətinlik çəkir.

M.Qusman deyib: “İnformasiyanın insanlara təsiri daha da güclənəcək, bütün müasir texnologiyalar buna gətirib çıxarır. Bəzən ilk baxışda yetərincə qüsursuz təsir bağışlayan informasiya sizə zombiləşdirici təsir göstərir. Bu diapazonda çox müxtəlif hadisələr baş verir. Müasir informasiya onu düzgün seleksiya etməyə daxili hazırlıq tələb edir. İnformasiya mənbəyi yoxlanmış olmalıdır ki, siz ona etibar edə biləsiniz. Dövlət informasiya mənbələri tərəfindən yayılan informasiyanın həqiqiliyinə dövlət cavabdehlik daşıyır. AZƏRTAC tərəfindən yayılan informasiyanın mötəbərliyinə və dəqiqliyinə görə jurnalistlərin, AZƏRTAC-ın rəhbərliyinin şəxsində Azərbaycan dövləti cavabdehdir. AZƏRTAC mötəbər informasiya mənbəyidir.

Rusiyalı məşhur jurnalistin sözlərinə görə, Rusiya kimi Azərbaycan da informasiya müharibəsi kontekstində ciddi hücumlara məruz qalır və bu müharibədə əsas silah feyk xəbərlərdir.

Verilişdə müasir həyatımızın mühüm tərkib hissəsi olan sosial şəbəkələrin informasiya təhlükəsi mövzusuna da toxunulub.

Hazırda AZƏRTAC-ın sədrlik etdiyi Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti olan Mixail Qusman feyk xəbərlərə qarşı mübarizədə bu beynəlxalq təşkilatın üzvləri tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini onun “Hakimiyyət formulu” verilişinin qəhrəmanı olmuş Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb.

Rusiyalı məşhur jurnalist Mixail Qusman deyib: “Biz Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə danışdıq. Prezidentin rəhbərliyi ilə onun ölkəsinin qazandığı uğurlar onu sevindirməyə bilməz. Bu, mütləq gerçəklikdir. Mən də buna görə sevinirəm. Prezident çoxlu rəqəmləri, faktları xatırlayır, bu mənada onunla müqayisə edilə biləcək adamlar azdır. Biz Heydər Əliyevin fenomenal, kompüter yaddaşına oxşar yaddaşı barədə danışdıq, lakin indiki halda İlham Heydər oğlu öz yaddaşı ilə məni heyrətləndirdi. O, demək olar ki, hər şeyi, bizim əvvəlki söhbətlərimizi xatırlayır və bu baxımdan, onunla söhbət etmək çox maraqlıdır. Bu 20 il ərzində mənim bu qədər maraqla söhbət etdiyim və mənə İlham Heydər oğlu kimi güclü və dərin təsir bağışlayan adamlar az olub”.

Bütün xəbərlər Facebook səhifəmizdə