Leonid Yakuboviç: "Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi" - VİDEO

“Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda yalnız iki və ya üç bu cür adamla rastlaşmışam”. Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç “Moskva-Baku” portalına müsahibəsində söyləyib. SİA xəbər verir ki, L.Yakuboviç Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə görüşünü xatırlayaraq deyib:

- Bu hadisə çoxdan, lap çoxdan olub. Hətta hansı ildə görüşdüyümüzü unutmuşam. Bizim “Pole çudes” komandası Bakıya gəlmişdi, idman zalında oyun keçirdik, ertəsi gün Heydər Əliyevlə görüşdük.

Əvvəlcə bu görüş 20 dəqiqəlik protokol tədbiri kimi nəzərdə tutulmuşdu. Heydər Əliyev stolun yuxarı başında əyləşmişdi. O, Azərbaycanın siyasi və iqtisadi vəziyyətini qısaca izah etdi, amma əslində mən heç nə başa düşmədim. İyirmi dəqiqəlik söhbətdən sonra o dedi: ”Hamınız azadsınız, siz isə, Leonid, əyləşin”.

Beləcə, 20 dəqiqəlik görüş 2 saat yarımlıq söhbətə çevrildi. Daha doğrusu, bu, mənim monoloqum idi, Heydər Əliyev susur, mən isə bütün həyatımı, lap doğulduğum vaxtdan ona söyləyirdim. O, heç nə soruşmur, amma məni diqqətlə dinləyirdi. Hərdən başını tərpədir, mən yorulanda söhbəti istiqamətləndirirdi. O, özünü əsla məndən yuxarı tutmur, öz mövqeyini qabartmırdı. Hərdən sakit səslə nə isə soruşurdu. Mən ona hər şeyi danışdım: atam və anam haqqında, atamın harada vuruşması barədə, necə dolanmağımız haqda – hər şeyi! O vaxt mən hiss etmirdim ki, danışan təkcə mənəm. Onun yanında özümü çox rahat hiss edirdim.

Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda iki və ya üç bu cür adamla rastlaşmışam. Onun gözləri çox şeydən xəbər verirdi.

Heydər Əliyev təpədən-dırnağa qədər bilik, intellekt sahibi idi. Bizim yeganə görüşümüzün təsirindən hələ də özümə gələ bilmirəm. Mən bütün söhbətimizi kağıza köçürmək istədim, amma nədənsə alınmadı. Məndə belə hiss yaranmışdı ki, onunla min ildir tanışıq və o, sanki mənim gəlməyimi, hər şeyi ona danışmağımı gözləyirdi.

Sonradan onunla söhbətimizi təhlil edərək xalqın nə üçün onun ardınca getdiyini başa düşdüm. Onu dinləyir və eşidirdilər. O, nəhəngdir. Mən güman etmirəm ki, ondan qorxurdular. Xalq ona hədsiz hörmət bəsləyir və ümid edirdi ki, respublikanı yalnız o xilas edə bilər.

Heydər Əliyevin oğlu İlham ona çox oxşayır. Bu, Əliyev geninin gücünə dəlalət edir. Təbiət bu genin qüdrətini İlham Heydər oğluna ötürüb. O, atasına xas olan daxili qüvvəni, güclü xarakteri əxz edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...