DQİDK-nın təşkilatçılığı ilə ikigünlük seminar-müşavirə keçirilib FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şirvan şəhər İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə dekabrın 7-də öz işini davam etdirib. SİA-nın verdiyi məlumata görə, Şirvan şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov qeyd edib ki, Azərbaycanda milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var. Onun sözlərinə görə, hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dini radikalizm və onunla mübarizə üsullarından bəhs edib. S.Salahlı vurğulayıb ki, müasir dövrdə qloballaşan dünyada terror və ekstremizmlə mübarizədə müxtəlif üsullardan istifadə olunur, bir sıra hallarda inzibati metodlara daha çox üstünlük verilir. Onun sözlərinə görə, bu gün ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır. DQİDK sədrinin birinci müavini onu da deyib ki, ümumi təhlillər gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir.

S.Salahlı bildirib ki, gənclərə milli-mənəvi dəyərlərimizin, eləcə də vətənpərvərlik ruhunun aşılanması xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə terrorizmin getdikcə daha da gəncləşdiyini, gənclərin terror təşkilatlarına daha çox qoşulduğunu deyib. Dini radikal qrupların gəncləri özlərinə cəlb etdiklərini bildirən C. Əlifzadə dini radikal qrupların təbliğat metodlarından danışıb. Qeyd edib ki, bu qruplar İslamı, Quran ayələrini təhrif edərək insanlara çatdırır, cihad adı altında terror hadisələri törədirlər. Diqqətə çatdırıb ki, gənclərin dini radikalizmdən və ekstremizmdən qorunmaları üçün təhsilin və dinin əsl mahiyyətinin onlara düzgün çatdırılması vacibdir.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizmin və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...