“Vətənin müdafiəsinə hazıram!” FOTOLAR

Bu gün Neftçalada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi daşıyan tədbir Xidmətin 2018-ci il fəaliyyət planına üzrə müvafiq olaraq baş tutub.

Heydər Əliyev Mərkəzində Neftçala rayon İcra Hakimiyyətinin, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin, şəhid ailələri üzvlərinin və Qarabağ müharibəsi veteranlarının, SHXÇDX Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədovun iştirakı ilə təşkil edilmiş tədbir, Dövlət Himninin ifası ilə başlayıb. Sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Cəfərov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, vətənpərvərlik tərbiyəsində hərb tariximiz, xalqımızın qəhrəman oğulları haqqında verilən məlumatlar böyük təsir qüvvəsinə malikdir. Vətənpərvərlik tərbiyəsi işi yeniyetmə və gənclərin vətənə məhəbbət və sədaqət ruhunda inkişafına güclü təsir göstərir. O, bu sahədə Neftçala rayonunda mütəmadi olaraq fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Neftçala rayon şöbəsinin rəisi, polkovnik-leytenant Turan Əliyev gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində Xidmət tərəfindən görülən işlərdən söhbət açıb. Vurğulayıb ki, ölkəmizin müharibə vəziyyətində olması və ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir.

Respublika Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev qeyd edib ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissi, vətəndaş məsuliyyətidir. Bildirib ki, Vətən müqəddəsdir, onu qorumaq isə ən şərəfli peşədir. O, gənclərə bu peşənin sirlərinə yiyələnməyi tövsiyə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli çıxışında Azərbaycan Silahlı Qüvvələrində xidmət edən gənclərimizin yüksək vətənpərvərlik ruhunun olmasına diqqət çəkib. Bildirib ki, yüksək döyüş əzminə malik Azərbaycan əsgəri hər bir çətin tapşırıqları yerinə yetirməyə qadirdir və işğal altındakı torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil.

Tədbir çərçivəsində SHXÇDX tərəfindən şəhid Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyevə, Qarabağ müharibəsi əlili Faiq Abdiyevə hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə, Neftçala şəhər 4 saylı orta məktəbin hərbi rəhbəri İdris Xəmmədova “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi və hərbi-vətənpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə, Neftçala şəhər 4 saylı orta məktəbin XI sinif şagirdi Əlihüseyn Əliyevə isə “Gənclərin çağırışaqədərki hazırlığı” fənnində yüksək nailiyyətlərinə görə diplom və hədiyyələr verilib.

Tədbir vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Neftçala rayon məktəbləri özfəaliyyət dərnəklərinin iştirakı ilə ədəbi-bədii proqramla davam etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə