Ulu öndərin rəhbərliyi ilə Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçib

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin 35 illik rəhbərliyi dövründə Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçib. SİA xəbər verir ki, bu fikirlər dekabrın 6-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə səsləndirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Müstəqil Azərbaycanın qurucusu” adlı sənədli film nümayiş olunub.

Sonra Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımovanın “Azərbaycan üçün doğulan insan” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu Öndər var qüvvəsini və bacarığını ölkənin yüksəlişinə həsr edərək, nəhəng quruculuq işlərinin təşəbbüskarı olub. Onun zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində ölkədə vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda Ulu Öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin müstəqilliyin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial-iqtisadi, eləcə də humanitar sahələrdə əldə olunmuş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir. Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.

Tədbir iştirakçıları Ulu Öndərin anım günü ilə bağlı Mərkəzin foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...