Bruklin şəhərinin meri ilə görüş keçirilib FOTOLAR

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Nyu-Yorkda “My Way” Uşaq və Gənclərin İnkişaf Mərkəzinin təşkil etdiyi “Mənim dünyam, mənim yolum” Azərbaycan uşaqlarının sərgisində iştirak edib və təşkilatın fəaliyyəti ilə tanış olub. SİA-nın verdiyi məlumata görə, Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə uşaqların əl işləri ilə tanış olan nümayəndə heyəti, balaca soydaşlarımıza ölkəmiz barədə məlumatlar veriblər. Tədbirdə yalnız azərbaycanlı uşaqlar deyil, ABŞ-da yaşayan digər millətlərin də uşaqları iştirak edib, milli musiqimizin sədaları altında rəqs ediblər.

Səfər çərçivəsində Dövlət Komitəsinin şöbə müdirləri Vüqar Məmmədov və Səlhət Abbasova soydaşlarımızın təşkil etdiyi “İrsimizə atəş açmayın” filminin nümayişində iştirak edib. Bruklin şəhər merinin binasında nümayiş etdirilən film Azərbaycanda çəkilib. Filmin süjet xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti təşkil edir. Filmin nümayişində soydaşlarımız və çoxsaylı qonaqlar iştirak edib.

Nümayəndə heyəti Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan “Azərbaycan Multikulturalizmi” adlı musiqili tədbirdə də iştirak edib. Məşhur Linkoln mərkəzində baş tutan tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın tolerant, çoxmillətli və mədəniyyətlərin qovuşduğu bir ölkə olduğunu bildirib. Ölkəmizdə multikulturalizm ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Eyni zamanda, belə tədbirlərin müxtəlif mədəniyyətlərin və bu mədəniyyətlərin daşıyıcısı olan xalqların biri-birinə daha yaxından inteqrasiyası baxımından əhəmiyyətini qeyd edib. Konsert proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, soydaşlarımız və xarici qonaqlar da iştirak edib. İki saatadək davam edən tədbirdə milli musiqi mədəniyyətimiz geniş şəkildə qonaqlara təqdim edilib.

Nyu-York görüşlərinin növbətisi Bruklin şəhər meri Erik Adamsla keçirilib. Çox sayda soydaşımızın yaşadığı Bruklin şəhər meriyasında keçirilən görüşdə nümayəndə heyətini salamlayan Erik Adams Bruklində yaşayan azərbaycanlılar və ölkəmizlə bağlı fikirlərini bölüşüb, soydaşlarımızın Amerikada aktiv həyat sürdüyünü qeyd edib. Dövlər Komitəsinin rəhbəri isə ölkəmiz və diaspor təşkilatları haqqında fikirlərini bildirib, soydaşlarımızın və təşkilatlarının normal fəaliyyəti üçün hər çür imkanların olduğunu vurğulayıb. Gələcək əməkdaşlıq imkanlarının müzakirıə edildiyi görüşdə şəhər Meri ölkəmizə dəvət edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə