Gəncədə partlamamış hərbi sursat aşkarlanıb

Noyabrın 20-də saat 13:06-da Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi" xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Kəpəz rayonundakı Xəqani küçəsi ev 16 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd F-1 əl qumbarası və bir ədəd UZRQM partladıcısı aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatların tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1-dən noyabrın 20-dək ANAMA tərəfindən ümumilikdə 5446 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə iki, tank əleyhinə on mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 397 min 303 kvadratmetr ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə