"Tur-aksiyalar ölkəmizdə məktəblilərlə bağlı layihələrin ən maraqlısıdır"

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyalar Azərbaycanda məktəblilərlə bağlı reallaşdırılan layihələrin, mən deyərdim ki, ən əhəmiyyətlisi, ən maraqlısıdır. Çünki, bu layihəyə Azərbaycanın bütün şəhər və rayonlarının məktəbliləri qoşulurlar. Sevinirəm ki, mən də bu aksiyanın iştirakçısıyam.

Bu fikirləri tur-aksiyanın iştirakçısı, Ağdaş şəhər 7 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şəms Əfəndi Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

Şimal-qərb bölgəsinə ekskursiyanın olduqca maraqlı keçdiyini vurğulayan Ağdaş məktəblisi daha sonra deyib: “Dünən Qəbələnin görməli yerlərini gəzdik, tarixi məkanlarına baş çəkdik, “Tufandağ”da olduq. Bu gün isə qədim Şəkidəyik. Xan sarayı öz möhtəşəmliyi ilə tanıdığım bütün abidələrdən seçilir. Şübhəsiz ki, bu layihə dünyagörüşümüzün formalaşmasına, ölkəmiz haqqında biliklərimizin daha da möhkəmlənməsinə yaxşı təsir göstərəcək. Fürsətdən istifadə edib, bu layihənin təşəbbüskarı Prezidentimiz İlham Əliyevə Ağdaş məktəbliləri adından dərin minnətdarlığımı bildirirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə