Nazir: "31 DOST mərkəzi yaradılacaq"

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini deyib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə, ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq. Layihənin icrası işləri yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır. Görülən işlərin mühüm tərkib hissəsi kimi, artıq DOST Agentliyinin konsepsiyası hazırlanıb.

S.Babayev qeyd edib ki, vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) əhatə edən "e-sosial" internet portalı da yaradılıb. Bu işlərlə bərabər, nazirliyin müasir iş prinsiplərini və innovativ yeniliklərə açıq olmasını, cəmiyyətlə münasibətlərdə əsas yanaşma və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub".

Nazir 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin yaradılacağı bildirilib: "DOST-un əsas missiyası ölkə əhalisinin "DOST" mərkəzləri şəbəkəsi və müasir texnologiyaların tətbiqi ilə əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə rahat çıxışına imkan yaratmaqdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə