Uşaq Hüquqları Aylığı çərçivəsində silsilə tədbirlər keçirilib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Bakıda və rayonlarda Ombudsman və regional mərkəzləri, müvafiq dövlət qurumları, o cümlədən yerli icra hakimiyyəti orqanları, həmçinin bələdiyyələr, QHT-lər və icmalar tərəfindən silsilə maarifləndirmə tədbirləri təşkil edilib və buraya çoxsaylı uşaqlar da cəlb olunub. SİA xəbər verir ki, həmin sırada bu günlərdə silsilə tədbirlər Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl, Samux, Ağstafa rayonlarının və Gəncə şəhərinin bir sıra orta məktəblərində, Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin, Astara və Masallı rayonlarının məktəblərində, Şəki Regional Mərkəzi tərəfindən Zaqatala və Qəbələ rayonlarının bir neçə kəndində, Şəkidəki Qarışıq tipli Uşaq evində və orta məktəblərdə, Quba Regional Mərkəzi tərəfindən isə Siyəzən və Qubadakı bir sıra orta məktəblərdə, Quba şəhər Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta İnternat məktəbində, Bəşir Səfəroğlu adına Quba rayon mədəniyyət mərkəzində və ASAN təlim mərkəzində keçirilib.

Həmin tədbirlərdə müvafiq dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyətlərinin, rayon təhsil və mədəniyyət şöbələrinin, habelə bələdiyyələrin və icmaların nümayəndələri, fəal gənclər, yerli sakinlər, çoxsaylı müəllimlər, uşaqlar və valideynlər iştirak ediblər.

Adı çəkilən regional mərkəzlərin rəhbərləri tədbirlərdə çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının bu il qəbul edilməsinin 29-cu ili tamam olur və 20 noyabr tarixi bütün dünyada Ümumdünya Uşaqlar Günü kimi qeyd edilir. Bu münasibətlə Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar, silsilə maarifləndirmə tədbirləri, müsabiqələr və sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir.

Həmçinin Ombudsman tərəfindən insan hüquqları, o cümlədən uşaq hüquqlarının təmini və müdafiəsi sahəsində həyata keçirilmiş tədbirlər, paytaxt və regiondakı çoxsaylı məktəblərdə uşaq hüquqları üzrə pilləli tədris proqramı, uşaq hüquqları üzrə Ombudsmanın 916 saylı qaynar xətt xidməti barədə ətraflı məlumat verilib.

Tədbirlər interaktiv müzakirə şəraitində davam edib, uşaqların sualları ətraflı cavablandırılıb, onlar uşaq hüquqları ilə bağlı biliklərini təqdim ediblər. Sonda iştirakçılar Uşaq Hüquqları Aylığının təşəbbüsünə və bu silsilə tədbirlərin keçirilməsinə görə Ombudsmana dərin təşəkkürlərini bildiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə