"Şəhid ailələri hər zaman dövlətin diqqət mərkəzindədir" - VƏRƏSƏLƏRİN RƏYİ

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparılır. Bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib.

Vərəsəlik hüququna malik olan şəhid hərbi qulluqçuların ailə üzvləri aldıqları maliyyə yardımı ilə bağlı SİA-ya fikirlərini bildiriblər.

Tovuz rayonundan şəhid olmuş hərbi qulluqçu Rzayev Namiq Qənbər oğlunun anası Navad Rzayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib: “Tovuz rayonun Əlbəyli kəndini təmsil edən biri, eləcə də şəhid anası kimi ölkə başçısı İlham Əliyevə maliyyə yardımı ilə bağlı göstərişinə görə təşəkkürümü bildirərəm. Biz hər zaman dövlətin şəhid ailələrinə qayğısını hiss edirik. Amma birdəfəlik maliyyə yardımı bizə bir sıra problemlərimizin həlli üçün çox yardım edəcək. Yaşımla əlaqədar olaraq səhhətimdə bir sıra problemlərim var. Aldığım maliyyə yardımı ilə iki gözümü də əməliyyat etdirəcəyəm”.

Naftalan rayonundan şəhid olmuş hərbi qulluqçu Zeynalov Azər Ələddin oğlunun atası Ələddin Zeynalov: “Nəinki mən, eləcə də vərəsəni alan bütün şəhid ailələri bu maliyyə yardımından yararlanmaq imkanı qazandıqları üçün dövlətimizə minnətdardır. Prezident İlham Əliyev, eləcə də birinci xanım Mehriban Əliyeva hər zaman şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çalışır, problemlərimizin həllinə dair tapşırıqlar verirlər. Bizə ayrılan maliyyəni ailəmizə verilən ehtiyat büdcəsi kimi dəyərləndiririk. Biz bu maliyyə ilə vəsaiti ilə həm sağlığıma, həm də nəvələrimin təhsili üçün istifadə etməyi düşünürəm. Bütün Azərbaycan xalqının, eləcə də şəhid ailələrinin bir arzusu var ki, o da tezliklə torpaqlarımızın işğaldan azad edilməsidir. Biz əmin ki, Azərbaycan bayrağı tezliklə Qarabağda ən uca zirvədə dalğalanacaq”.

Quba rayonundan şəhid olmuş hərbi qulluqçu İbrahimov İslam Soltanəhməd oğlunun anası Sultanxanım İbrahimova ailəsinin Ölkə başçısı tərəfindən imzalanan fərmandan yararlanmasına görə sevincli olduğunu dilə gətirib: “Bu fərmanın verilməsi gözlənilməz olsa da, həllini gözləyən problemlərimin həlli üçün əsil fürsət oldu. Şəhid ailələri dövlətin bütün yardımlarından yararlanan təbəqədir. Amma buna baxmayaraq, müəyyən problemlər olur ki, onların həlli üçün əlavə vəsaitin olmasına böyük ehtiyac yaranır. 11 min manat məbləğində birdəfəlik yardım bizə bu istiqamətdə çox böyük köməyə malik olacaq. Dövlət başçımız hərbiçilərimizin qayğısına qalır. Kim bu işlərdən narazıdırsa, problem onun özündədir. Ölkəmizdə bu istiqamətdə aparılan işləri alqışlayıram və təşəkkür edirəm”.

Bərdə rayonundan şəhid olmuş hərbi qulluqçu Dadaşov Mehman Əsədulla oğlunun atası Əsədulla Dadaşov söyləyib ki, şəhid hərbi qulluqçularına ayrılan maliyyə yardımı bir daha göstərir ki, dövlətimiz hər zaman bizim qayğımıza qalır və problemlərimizlə yaxından maraqlanır: “Tarix boyu xalqımızın mərd, vətənpərvər oğulları çox olub. Mən də belə bir oğlun atası olduğum üçün fəxr edirəm. Ölkə başçısı tərəfindən hər zaman humanist addımlar atılır. Lakin belə bir fərmanın verilməsi bizim üçün gözlənilməz oldu. Bu addımı yüksək səviyyədə qarşılayırıq. Bütün bunlar bir daha göstərir ki, dövlətimizin vətənpərvər insanlara, torpaq uğrunda vuruşanlara necə önəm verdiyini göstərir”.

Naxçıvan Muxtar Respublikasından şəhid olmuş hərbi qulluqçu Vəliyev Yusif Yaqub oğlunun həyat yoldaşı Arzu Vəliyeva aldığı məvacibi qızı ilə birgə böləcəyini söyləyib: “Əslində bizə ayrılan birdəfəlik yardımdan həyat yoldaşımın atası da yararlanmalıdır. Amma bizim sosial problemlərimizin daha çox olduğunu nəzərə alaraq, o öz hissəsindən imtina edərək bizə bağışlayıb. 11 min manat heç də az vəsait deyil. Bu məvaciblə bir çox həllini gözləyən problemlərimizi həll etməyi nəzərdə tutmuşuq. Evdə iki qadın, yəni qızımla bərabər olduğumdan müəyyən çətinliklərimiz var. Lakin bizi sevindirən bu Fərmana görə Prezident İlham Əliyevə dərin minnətdarıq. Şəhid ailəsi olmaq çox çətindir. Amma ölkədə diqqət-qayğı gördükdə bu bizi ümidləndirir və tək olmadığımızı göstərir. Mən bütün şəhid ailələrinə səbir diləyirəm. Əminəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və torpaqlarımız Ali Baş Komandanın səyləri nəticəsində tezliklə geri qayıdacaq”.

Quba rayonundan şəhid olmuş hərbi qulluqçu Ağarzayev Kamran Ələkbər oğlunun atası Ələkbər Ağarzayev isə bildirdi ki, tarix boyu xalqımızın mərd, vətənpərvər oğulları çox olub. Ümumiyyətlə, qəhrəman insanlarımız dünən də var idi, bu gün də, sabah da olacaq. 2016-cı ilin aprel döyüşlərində mərd oğullarımız düşmənə layiq olduğu cavabı verdi. Nəticədə, bir çox strateji ərazilər geri qaytarıldı. Düşmən isə kor-peşman halda geri çəkildi. Həmin döyüşlərdə şücaət göstərən, qəhrəmanlıq salnaməsi yazan eloğullarımız da az olmadı. Şəhidlərin ailələrinə bu gün dövlətimiz tərəfindən böyük qayğı var, onların ailələri də bizim kimi hər cür şəraitə malik mənzillərlə təmin olunublar. Bütün bunlar dövlətimizin vətənpərvər insanlara, torpaq uğrunda vuruşanlara necə önəm verdiyini göstərir”.

Şəmkir rayonundan şəhid olmuş hərbi qulluqçu İskəndərov Vaqif Əbülfəz oğlunun həyat yoldaşı Tinatin İsgəndərova Fərmanla bağlı qərarı eşidərkən həddindən artıq həyəcan keçirdiyini dilə gətirib: “Ölkəmizdə şəhid ailələri hər zaman dövlətin qayğısını hiss edir. Bizə ayrılan birdəfəlik maliyyə yardımla bağlı qərarı eşidəndə çox sevindik. İki oğlum və mən nə deyəcəyimizi belə bilmədik. Prezident İlham Əliyev hər zaman humanist addımları ailələrin, insanların sevincinə səbəb olur. Amma şəhid ailələri ölkə rəhbərinin qayğısını daha çox hiss edir və buna görə, Prezidentə və Onun xanımına minnətdardır. Bizim ailədə də maliyyə yardımına görə, özünə borc bilib Prezident İlham Əliyevə humanist addımla bağlı təşəkkür məktubu göndərib”.

Balakən rayonundan şəhid olmuş hərbi qulluqçu Əliyev Arif Mustafa oğlunun atası Əliyev Mustafa deyib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə diqqətin göstərildiyini nəzərə alsaq, bu addım gözlənilən idi: “Düzdür bunun nə zaman baş verəcəyini heç kim biə bilməzdir. Amma əminəm i, indiki şəraitdə belə fərman bütün vərəsələrin ürəyindən oldu. Şəhid ailələri dövlətin qayğısından razıdırlar. Amma elə məsələlər var ki, onların həllini dövlətdən gözləmək düzgün deyil. Çox təssüf ki, bəziləri onlara göstərilən qayğıdan istifadə edib, dövlətə qarşı haqsız iradlar səsləndirirlər sürürlər. Bu düzgün deyil. Heç bir ölkədə dövlət tərəfindən vətəndaşlarına bu qədər qayğı göstərilmir. Prezidentimiz seçildiyi ilk gündən verdiyi vədlərinə sadiq olaraq, dediyi sözlərə əməl edir. Ölkəmizin inkişaf edir. Mən ailəm adımdan Azərbaycan Prezidentinə bizə göstərilən qayğıya görə təşəkkür edirəm”.

Şəmkir rayonundan şəhid olmuş hərbi qulluqçu Hüseynov Novruz Cəbrail oğlunun həyat yoldaşı Nahidə Hüseynova bildirib ki, aldığı maliyyə yardımı ailəsinə bəzi sosial problemlərinin həllində göydən düşmə olub: “Müəyyən problemlərimiz var idi onların həlli maliyyə çatışmazlığına görə yubanırdı. Amma indi aldığımız vəsaitlə həmin məsələlər öz həllini tapacaq ki, buna görə çox sevinirik. Prezident İlham Əliyev bu fərmanı ilə şəhid ailələrinin ümidinə bir az daha ümid qatdı. Hər zaman vətəndaşlarımızın sosial vəziyyətini düşünən Dövlət başçısı bu addımı ilə bizim qayğı və problemi ilə yaxından maraqlandığını bir daha göstərmiş oldu. Xəstəliyimlə əlaqədar II qrup əliləm, bununla yanaşı Prezident təqaüdü də alıram. İki övladımla birgə hər zaman dövlətin qayğısını hiss edir və buna görə Dövlət başçısına minnətdarlığımızı bildiririk”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə