Nazir: “9531 şəhid vərəsəsinə ödəmə veriləcək”

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə, əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərə və aparılan islahatlara dair mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə əmək və əhalinin müdafiəsi naziri Sahil Babayev şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsəsinin birdəfəlik ödəmə almaq hüququ olduğunu və onlara ödənişin verilməsinin uğurla davam etdirildiyini qeyd edib.

Nazir bildirib ki, dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrasının yüksək səviyyədə təmin edilməsi, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə həyata keçirilməsi üçün bütün səylər səfərbər olunub: “Şəhid hərbi qulluqçuların 99 faizinin vərəsəsi birdəfəlik ödəmə almaq hüququna malik olduğunu artıq öyrənib. Vərəsələrin sənədlərinə baxılaraq onlardan artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə həmin ödəmənin verilməsi barədə qərar qəbul olunub və onlara müvafiq vəsaitlərin ödənişi prosesi davam edir. Gələn həftə daha 300 şəhid vərəsəsinə ödəniş ediləcək. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsəyə də ödənişlər verilib”.

S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib: “İllər öncə şəhid hərbi qulluqçulara görə sığorta ödənişi ilə təmin edildiklərinə görə yenidən birdəfəlik ödəmə almaq hüququna malik olmayanlardan kiçik bir qrupu da var və həmin insanlar indiyədək heç vaxt sığorta ödənişi almadıqları iddiası ilə narazılıq bildirirlər. Bu insanlar nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul olunublar. Onlara vaxtilə ödəniş aldıqlarına dair təsdiqedici sənədlər bir daha təqdim olunmaqla, ətraflı izahat işi aparılıb”.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası işləri barədə məlumat verən nazir cari ilin avqust ayında daha 35 mənzilin bu təbəqədən olanlara verildiyini deyib. O bu işlərin davamı kimi ilin sonuna qədər 550-dək mənzilin də təqdim olunmasının, ümumilikdə 2018-ci ildə 600-ə yaxın mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin 12 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən DOST Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması üçün əlavə olaraq 3,5 milyon manat vəsait ayrılması əhaliyə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ, şəffaf, vətəndaş məmnunluğuna səbəb ola biləcək səviyyədə təqdim olunmasının dövlət başçısının diqqətində olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin reallaşdırılması üçün normativ-hüquqi aktların layihələri, müvafiq təkliflər, fəaliyyətin təşkili mexanizmləri və s. hazırlanıb. Hazırda ilk “DOST” mərkəzinin istifadəyə verilməsi üçün işlər aparılır.

Özünüməşğulluq proqramının icrası işləri barədə məlumat verən S.Babayev qeyd edib ki, bu il həmin proqrama cəlb olunanlardan 1757 nəfərini əlilliyi olan şəxslər, müharibə veteranları və şəhid ailələri təşkil edib. Proqram çərçivəsində artıq respublika üzrə 1273 işsiz və işaxtaran şəxsə mal və materiallar verilib. Bu proses ölkəmizin bütün bölgələrində davam etdirilir. İşsiz və işaxtaran şəxslər verilmiş aktivlərlə kiçik ailə təsərrüfatlarını yaradıblar və öz təsərrüfatlarını genişləndirməyə çalışırlar.

Nazir bildirib ki, ölkə başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanının icrası istiqamətində də müvafiq işlər aparılmaqla, nazirliyin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılıb. Nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədi ilə yaradılmış "e-sosial" internet portalının da yaxın günlərdə təqdimatı olacaq. Məşğulluq altsisteminin yaradılması işləri isə növbəti ilin əvvəllərində yekunlaşacaq.

S.Babayev nazirliyin digər fəaliyyət sahələrində görülən işlər və aparılan islahatlar barədə də ətraflı məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...