“Hər ailə ağac əksin” aksiyası Şirvanda

Dövlətimizin başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hər ailə ağac əksin” devizi altında başlanan aksiya Şirvan şəhərində davam edib. SİA-nın Aran bürosundan verilən məlumata görə, aksiya şəhərin müxtəlif ərazilərində, park və xiyabanlarda təşkil olunub.

Ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara 2 min 500 müxtəlif növ meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb. Sakinlərə təmənnasız paylanılan ağaclar əsasən şam, sərv, küknar və digər ağac növləri olub. Bundan əlavə, sakinlərə yerli iqlim şəraitinə uyğun olan nar, ərik, alma, armud, xurma və digər meyvə ağacları da verilib.

Paylanılan ağac tingləri Sabirabad Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin tinglik sahələrində yetişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə Bakıda və Abşeronda, eləcə də respublikamızın bölgələrində hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə