Naxçıvanda payız iməciliyi keçirilib

Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar müstəqil Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın Naxçıvanda qaldırılması, muxtar respublikanın adının dəyişdirilməsi, ordu quruculuğuna və iqtisadi islahatlara başlanılması müstəqil dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. Həmin dövrdə muxtar respublikada təbiətin qorunması istiqamətində də tədbirlər görülüb, iməciliklər keçirilib, yaşıllıqlar salınıb. Bu gün dahi şəxsiyyətin ideyaları muxtar respublikada uğurla reallaşdırılır, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür. Bu ilin payız əkini dövründə muxtar respublikada 300 hektardan artıq sahədə meyvə bağları və yaşıllıq zolaqları salınacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 17-də - Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günündə muxtar respublikada iməcilik keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının ətrafında keçirilən iməcilikdə iştirak ediblər. Kollektivlər 4,5 hektar sahədə meyvə bağı salıblar. Əraziyə 3300 ədəd tut, badam, ərik, alma, iydə və üzüm tingi əkilib, sumaq, həmərsin, yemişan və badamça toxumları basdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Ali Məclisin Sədri hava şəraitinə uyğun olaraq iməciliklərin davam etdirilməsi, yeni meyvə, xüsusilə üzüm bağlarının salınması və bərpa əkinin aparılması barədə tapşırıqlar verib.

Həmin gün muxtar respublikada keçirilən iməcilikdə 23 mindən çox sakin iştirak edib, 14 hektarda bərpa əkini aparılıb, 25,7 hektar yeni meyvə bağı və yaşıllıq zolağı salınıb, ümumilikdə, 7700 üzüm, 22 mindən artıq müxtəlif meyvə və meşə tingi əkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...