"Birdəfəlik yardım problemlərimizin həllində göydəndüşmə oldu" VƏRƏSƏLƏRDƏN SORĞU

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparılır. Bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib.

Vərəsəlik hüququna malik olan şəhid hərbi qulluqçuların həyat yoldaşları aldıqları maliyyə yardımı ilə bağlı SİA-ya fikirlərini bildiriblər.

Şəmkir rayonundan şəhid olmuş hərbi qulluqçu İskəndərov Vaqif Əbülfəz oğlunun həyat yoldaşı Tinatin İsgəndərova Fərmanla bağlı qərarı eşidərkən həddindən artıq həyəcan keçirdiyini dilə gətirib: “Ölkəmizdə şəhid ailələri hər zaman dövlətin qayğısını hiss edir. Bizə ayrılan birdəfəlik maliyyə yardımla bağlı qərarı eşidəndə çox sevindik. İki oğlum və mən nə deyəcəyimizi belə bilmədik. Prezident İlham Əliyev hər zaman humanist addımları ailələrin, insanların sevincinə səbəb olur. Amma şəhid ailələri ölkə rəhbərinin qayğısını daha çox hiss edir və buna görə, Prezidentə və Onun xanımına minnətdardır. Bizim ailədə də maliyyə yardımına görə, özünə borc bilib Prezident İlham Əliyevə humanist addımla bağlı təşəkkür məktubu göndərib”.

Şəmkir rayonundan şəhid olmuş hərbi qulluqçu Hüseynov Novruz Cəbrail oğlunun həyat yoldaşı Nahidə Hüseynova bildirib ki, aldığı maliyyə yardımı ailəsinə bəzi sosial problemlərinin həllində göydən düşmə olub: “Müəyyən problemlərimiz var idi onların həlli maliyyə çatışmazlığına görə yubanırdı. Amma indi aldığımız vəsaitlə həmin məsələlər öz həllini tapacaq ki, buna görə çox sevinirik. Prezident İlham Əliyev bu fərmanı ilə şəhid ailələrinin ümidinə bir az daha ümid qatdı. Hər zaman vətəndaşlarımızın sosial vəziyyətini düşünən Dövlət başçısı bu addımı ilə bizim qayğı və problemi ilə yaxından maraqlandığını bir daha göstərmiş oldu. Xəstəliyimlə əlaqədar II qrup əliləm, bununla yanaşı Prezident təqaüdü də alıram. İki övladımla birgə hər zaman dövlətin qayğısını hiss edir və buna görə Dövlət başçısına minnətdarlığımızı bildiririk”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə