Ləyaqətli ömrün işıq saçan illəri Bəsti İsmayılova-70

İnsan əməyi həyat gerçəkliklərindən yoğrulmuş portret cizgilərinin tablosunu yaradır. Zamanın bərpa olunmayan məqamları bu cizgilərin əsas xəttini təşkil edir. Geriyə boylananda həyat fəlsəfəsinin zəngin boyalardan çəkilmiş bir tablosunun şahidinə çevrilirsən. Müəllifi olduğun həyat tablosunun. İdrakın, təfəkkürün məhsulu olan bu tabloda zəhmət məfhumu da mühüm rol oynayır. Bu gün ömrünün onilliklərini arxada qoyan Bəsti İsmayılovanın da yaratdığı tablodan - həyat tablosundan oxuya biləcəyimiz maraqlı, yaddaqalan, həyat eşqi ilə dolu çox məqamlar var. Uzun illərdir ki, onu tanıdığımdan hər zaman ictimai həyatda daim fəallığı, bacarığı işgüzarlığı, səmimiyyəti, təvazökarlığı ilə ilə seçilən bir qadın kimi özünəməxsus keyfiyyətləri diqqətimi cəlb edib.

Bu gün 70 illik yubileyini qeyd edən Bəsti xanım neçə onilliklərdir ki, öz həyatını sevib-seçdiyi sənətə həsr edib. Yaratdığı özünməxsus tərcümeyi-halı Bəsti xanımın əməli fəaliyyətini açıq-aydın göstərir.

1948-ci ildə 17 noyabr tarixində qədim Şərqin qapısı olan Naxçıvan şəhərində qulluqçu ailəsinidə dünyaya göz açan Bəsti İsmayılova orta təhsilini C.Məmmədquluzadə adına 2 nömrəli ümumtəhsil məktəbində (1954-1965) almışdır. Orta məktəbi əla qiymətlərlə başa vuran gənc qız elə həmin il Bakıya gəlmiş və o vaxtkı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Lakin çox keçmir ki, ailə vəziyyətini nəzərə alaraq, əyani şöbəsinə keçərək, axşam şöbəsində təhsilini davam etdirmişdir. Taleyin qisməti onu tələbə ikən "Azərbaycan" nəşriyyatına gətirir. Təhsilini axşam şöbəsində davam etdirən Bəsti xanım nəşriyyatda əməkhaqqı şöbəsində hesablayıcı vəzifəsində iş fəaliyyətinə başlayır. Bu çalışqan qız tez bir zamanda rəhbərliyin diqqətini çəkir və o kadrlar şöbəsində kadr hazırlığı üzrə mühəndis vəzifəsinə keçirilir, sonralar mühəndis-texnoloq, böyük dispetçer, baş texnoloq, istehsalat şöbəsinin rəisi və ən nəhayət, 1994-cü ilədən "Azərbaycan" nəşriyyatının baş direktorunun istehsalat məsələləri üzrə müavini vəzifəsinə təyin olunmuş və 2015-ci ilədək bu vəzifədə çalışmışdır. Hazırda nəşriyyatın ən aparıcı şöbəsi olan istehsalat şöbəsinin rəisidir.

Xoşbəxt o insandır ki, gündüzlər işə, axşam isə evə tələsir. Hər kəsə nəsib olmayan bu xoşbəxtliyi tanrı onun həyat payına qismət edib. Ailəsini də sevir, işini də. Nə qədər qayğısı olsa da bu bərabərliyi iş və ailə sevgisi qoruyub saxlaya bilir. Daim tələsərək, zamanın sürətli axarında onunla ayaqlaşır. Zahirən sakit, zərif görünən xanım işinin çətinliyinə sinə gərir.

Ötən əsrin 90-cı illərində ictimai-siyasi hadisələrin hökm sürdüyü sərt bir zaman təbii ki, dövri mətbuatın çap olunduğu məkana da təsirsiz ötməyib. Həmin illərdə burada məsul bir vəzifədə çalışan Bəsti xanım üçün bu çox mürəkkəb və ağır bir zaman idi. Nə qədər çətin məsuliyyətli ən əsası da qorxulu olmasına baxmayaraq, Bəsti xanım işinin öhdəsinidən boyun qaçırmayaraq vətənpərvər Azərbaycan qadını kimi iradəsini ortaya qoydu. 1990-cı ildə 20 Yanvar hadisəsi baş verəndən sonra paytaxtımızda fövqəladə vəziyyət elan olunduğundan qəzətlərin nəşrinə xüsusi nəzarət edilirdi. Belə bir zamanda özünün vurğuladığı kimi gizli bir şəkildə qəzetlər dərc olunurdu və qəzetin çapdan çıxması üçün gecələr belə, nəşriyyatda qalmalı olurdular. Bəsti xanımın ömür yolu elə də hamar yollardan keçməyib. Həyatın ağlı-qaralı, zolaqlı yolları Bəsti xanımı zamanın mübariz ruhlu qadınına çevirib. Etiraf edək ki, bu ruh onun mənəvi dünyasına hakim olan dəyəridir. Ruhən dinclik tapmayan bu insan çətin sınaqlı bir dövrdə əqlin, qəlbin diqtəsinə qulaq asmış, təhlükəli olsa da zamanın çağırışına cavab vermişdir. Bu onun daxili dünyasının səsi idi. Tərbiyə aldığı ocağının çağırışı idi. Fədakar qadının atdığı addımlar hər birimiz üçün qürurvericidir. O illər arxada qalsa da, ömür yolunda vərəqlənən səhifələrdir. Öz zəhməti, əməyi ilə alnıaçıq şəkildə yazıb o bu səhifələri. Bəsti xanım həmin illəri yaxşı xatırlayır. Çözələdiyi ömür yolunun şərəfli səhifələri bu gün xatirələşsə də, bir insan həyatının tarixidir.

Bu gün illərdir ki, onun əmək fəaliyyətinə başladığı "Azərbaycan" nəşriyyatı yeni dövrünü yaşayır. Dövlət tərəfindən ayrılan diqqət və qayğı nəticəsində nəşriyyatın maddi- texniki bazası güclənmiş, müasir texniki avadanlıqlarla təchiz olunmuşdur. Müstəqilliyimizin ilk illərində kitab və mətbu orqanların çapı nə qədər çətin idisə, bu gün daha rahat və asandır.

Sənətini sevən Bəsti xanım bu gün qaynar iş rejiminə baxmayaraq, böyük peşəkarlıqla üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. Belə ki nəşriyyatda çap olunan istənilən bir kitab, jurnal və qəzetin texniki problemlərini çox ustalıqla həll edir. Bu həm də onun uzun illər peşəkarlıq təcrübəsindən irəli gəlir. İllər ötsə də, Bəsti xanım tükənməz həvəs enerji ilə yorulmadan işləyir, poliqrafiya sahəsində qazandığı biliyi gənc nəslə böyük həvəslə öyrətməyə çalışır.

Fəal ictimaiyyətçi olan Bəsti xanım Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun uzun illik əmək fəaliyyəti hər zaman diqqətdə olmuş, dövlətimiz tərfindən yüksək qiymətləndirilmişdir. Milli mətbuatımızın 130 illiyi münasibəti ilə bir qrup mətbuat işçiləri ilə birlikdə Bəsti xanım da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" (2005) adına layiq görülmüşdür. Bundan başqa o, "Kamil sənətkar" diplomu (1995), "Xan qızı Natəvan" (1998), Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı (2005), "Əmək veteranı" vəsiqəsi (2006) və s. ilə təltif olunmuşdur.

Ötən illər ərzində mənalı həyatı, şərəfli ictimai fəaliyyəti onun ləyaqətli ömür salnaməsini yazmışdır. Bəsti xanım bir ana kimi də nümunəvi Azərbaycan qadınıdır. Gözəl, sağlam ailəsi - iki oğul övladı, altı nəvəsi və bir nəticəsi var. Zənnimcə, bu bir qadın xoşbəxtliyini tamamlamağa yetər. Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi hər şeydn üstün tutan, qoruyan Bəsti xanım şəcərəsindən əxz olunan dəyərləri bu gün ocağında böyüyən doğmalarına aşılayır.

Bəsti xanım, Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə can sağlığı diləyir, bu uğurların davamlı olmasını arzulayırıq.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə