Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı”nda

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Biləsuvar, Hacıqabul, Kürdəmir, Ucar və Zərdab məktəbliləri noyabrın 16-da, günün ikinci yarısında “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonuna gəliblər. SİA-nın bölgə müxbiri xəbər verir ki, tur-aksiyanın iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 128 min nəfər əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində mehriban yaşayır.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Qeyd edilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. Ümumi sahəsi 2765 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün onlarla yeniyetmə və gənc məşğul olur.

Zərdab rayonunun məktəbliləri adından Mərkəzə “Əkinçi” qəzetinin nüsxələri təqdim edilib.

Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar. Üç giriş qapısı olan qalanın daxilində müxtəlif məqsədlər üçün tikilmiş 15 yerli əhəmiyyətli tarixi abidə var.

Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində lentə alınan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.

Tur-aksiya iştirakçıları qalanın ərazisini gəzib, xatirə şəkilləri çəkdiriblər.

Zaqatalaya səfərləri çərçivəsində məktəblilər rayon tarix-diyarşünaslıq muzeyi ilə də tanış olublar. Məlumat verilib ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat qorunub saxlanılır.

Zaqatalaya ekskursiyalarını başa vuran tur-aksiya iştirakçıları axşam saatlarında Qəbələ rayonuna qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə