Kürün Şirvan məntəqəsində suyun səviyyəsi 16 santimetr artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-100, Kiçik Qafqazın çaylarında 40-140, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 300 faizini təşkil edir. Departamentdən SİA-ya bildiriblər ki, noyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 173 kubmetr olmaqla ongünlük normanın 98 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 4 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 84,5 kubmetr təşkil etməklə ongünlük normanın 99 faizinə bərabər olub.

Noyabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 7, Şirvanda 16, Salyanda 4, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 12 santimetr artıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 381, Şirvanda 247, Salyanda 201, Bankədə 211, Araz çayının Novruzlu məntəqəsində isə 110 santimetrə bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə