Deputatdan “DOST”a görə təşəkkür

Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan Respublikasının I vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib. Deputat müraciətində yazır:

Hörmətli Mehriban xanım,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Siz respublikamızda aparılan sosial siyasətin müəyyənləşdirilməsində və həyata keçirilməsində fəal surətdə iştirak edirsiniz. Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanda və dünyanın bir sıra ölkələrində xüsusi əhəmiyyəti ilə seçilən sosial-hümanitar layihələrin təşəbbüskarı və reallaşdırıcısı olmusunuz.

Son illərdə Azərbaycanda bütün sahələrdə, o cümlədən dövlət tərəfindən əhaliyə göstərilən sosial xidmətlər sahəsində böyük uğurlar əldə olunmuşdur. 2012-ci ildən başlayarq dünyada ilk dəfə olaraq Azərbaycanda fəaliyyət göstərməyə başlayan, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar Agentliyinin və onun bölgələrdə fəaliyyət göstərən 14 “ASAN xidmət” mərkəzləri tərəfindən əhaliyə sadələşdirilmiş, tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında, yüksək səviyyədə xidmətlər göstərilir. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 100% təşkil edir.

Bilavasitə Sizin təşəbbüsünüzlə bu sahədə növbəti mühüm addım atılmışdır. Əhalinin sosial vəziyyətinə bilavasitə təsir göstərən məşğulluq, əmək, sosial müdafiə və təminat sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə əhaliyə xidmət göstərəcək DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və Mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.

“DOST” mərkəzləri tərəfindən əhaliyə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçiriləcək. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsi ilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

DOST Agentliyinin və Mərkəzlərinin yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında müvafiq layihələrin və təkliflərin hazırlanmasının təmin edilməsi və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasının Sizə həvalə olunması, sosial sahədə aparılan islahatlara, dövlət tərəfindən əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin artırılmasına yüksək səviyyədə diqqət və qayğının bariz nümunəsidir. Cənab Prezidentin 12 noyabr 2018-ci il tarixli sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə DOST Agentliyinin və onun bölgələrdə mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədi ilə əlavə olaraq 3,5 milyon manat vəsait ayrılmışdır. Bu ilin sonuna kimi Bakı şəhərində ilk “DOST” mərkəzinin açılması və növbəti ildə respublikamızın bölgələrində belə mərkəzlərin yaradılması nəzərdə tutulur.

Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə, Sizin yaxından iştirakınızla Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Hörmətli Mehriban xanım, Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsi və təminatının gücləndirilməsi, əhaliyə dövlət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sahəsində irəli sürdüyünüz təşəbbüslərə və fəaliyyətinizə görə, Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirir, gərgin eyni zamanda şərəfli işinizdə uğurlar diləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə