“Cin çıxarmaq kimi cahiliyyət əməlləri İslamda qəbul edilməyən bir haldır” Hacı Surxay Məmmədli

Bu gün Bakının İçərişəhər Cümə məscidində qılınan cümə namazı zamanı məscidin dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İlahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli xütbə ilə çıxış edərkən, son günlər ölkə ictimaiyyəti arasında və sosial şəbəkələrdə müzakirə olunan “cin çıxarma” üsulu ilə bağlı məqamlara toxunub. SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı çıxış edən Hacı Surxay Məmmədliyə görə, ümumiyyətlə, İslam dinində bu cür əməllər mövcud deyil və qəbul olunmur. “Cin çıxarmaq kimi əməllər heç bir halda İslamda qəbul edilməyən bir haldır”, deyə qeyd edən məscidin dini icmasının rəhbəri belə yollarla insanları aldadan və mənfəət güdən şəxslərin günah əməl etdiklərini vurğulayıb: “Bu gün dünyanın heç bir ilahiyyat alimi, eləcə də elm adamları deyə bilməz ki, insanın bədəninə cin daxil olur və s. Buna misal kimi, dünyaca tanınmış Əl-Əhzar İslam universitetinin alimlərinin gəldikləri ümumi rəyi dəlil olaraq göstərə bilərik. Ümumiyyətlə, cin çıxarmaq cahiliyyət əməlidir və bunun nə İslama heç bir aidiyyatı qətiyyən ola bilməz. Bu canı bizə uca Allah (c.c.) verib və ruhumuzu da bədənimizə Rəbbimiz bəxş edib. Düzdür, müqəddəs Qurani Kərimdə ayrıca Cin surəsi mövcuddur, lakin bu o demək deyil ki, cinlər Allahın (c.c.) insanlara bəxş etdiyi cana daxil ola və insanı başdan çıxara bilərlər. Bu surə yalnız onların yaranışından və hansı təbəqələrə ayrılmasından bəhs edir".

Eyni zamanda, ilahiyyatçı alim Qurani Kərimdən İbrahim surəsinin 22-ci ayəsini də örnək gətirərək, bu kimi insanları şeytana uymamağa çağırıb və Allaha ibadət etməyə dəvət edib.

Xütbəsində “Bəzən bir insan hər hansı bir xəstəliyi səbəbindən ruhi çətinliyə düçar olur və onun şəfa tapması üçün mütləq tibbi müdaxilə lazım olur, digərləri isə həmin insanları və yaxınlarını aldadaraq, bundan öz şəxsi məqsədləri üçün istifadə edirlər”, deyən Hacı Surxay Məmmədli bir daha diqqətə çatdırıb ki,İslam dini yalnız Allaha (c.c.) və Onun buyurduğu əməllərə itaət etmək üçün müsəlmanlara bəxş edilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə