ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Sosial Müdafiə və İş Yerlərinin Diaqnostikası (Job Diagnostics) üzrə missiyası ilə görüş olub.

ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətində əhalinin məşğulluq imkanlarının artırılmasının mühüm yer tutduğunu vurğulayıb. Bu istiqamətdə əldə olunan nailiyyətləri qeyd edən nazir müavini dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” barədə məlumat verib. O, yeni Məşğulluq Strategiyasının ölkəmizdə insan kapitalının inkişafında, məşğulluğun və layiqli əməyin təminatında növbəti mühüm addımların atılmasına imkan yaradacağını diqqətə çatdırıb.

M.Kərimli nazirliklə Dünya Bankının birgə layihələrindən bəhs edib, əmək, məşğulluq, sosial müdafiə sahələrinin təkmilləşdirilməsində müsbət əməkdaşlıq təcrübəsinin olduğunu deyib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri cənab Navid Hassan Naqvi və proqram rəhbəri Lire Ersado missiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə gördüyü işləri məmnunluqla qeyd edib. Missiyanın bu dəfəki səfərinin məqsədinin də əmək bazarında tələb və təkliflə bağlı məlumatların toplanması, ölkədə özəl sektorun əmək tələbatını müəyyən edən faktorlar üzrə məlumatların əldə olunması üçün məsləhətləşmələrin həyata keçirilməsi olduğu bildirilib.

Görüşdə Azərbaycanda İş Yerlərinin Diaqnostik Tədqiqatı və məşğulluq sahəsində əldə olunan nəticələri ilə bağlı Sənədin hazırlanmasının yekunlaşdırılması, ölkəmizin yeni Məşğulluq Strategiyası üzrə tədbirlər planının hazırlanmasına texniki dəstəyin təmin olunması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...