Naxçıvanda 750-800 növ dərman bitkisi yetişir

Muxtar respublikada 171 fəsiləyə, 885 cinsə daxil olan 2961 növ ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilər mövcuddur. Bu, Azərbaycan florası növlərinin 65,8 faizini təşkil edir.

Naxçıvan Dövlət Universitetinin (NDU) Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, bu faktlar universitetin tibb fakültəsində “Naxçıvan Muxtar Respublikasında payız mövsümünün başlıca dərman bitkiləri” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikasının özünəməxsus torpaq-iqlim xüsusiyyətlərinin, günəşli günlərin çoxluğunun burada zəngin floraya malik bitki örtüyü formalaşdırdığını bildirib. Rektor gələcəyin əczaçılarına muxtar respublikanın zəngin bitki örtüyünü dərindən öyrənmələrini tövsiyə edib.

Naxçıvan Muxtar Respublikasında payız mövsümünün başlıca dərman bitkilərinin yayılma vəziyyəti və bioloji xüsusiyyətlərindən bəhs edən NDU-nun təməl tibb fənləri kafedrasının müəllimi Mürsəl Seyidov diqqətə çatdırıb ki, hazırda ərazi florasında 750-800 növədək elmi təbabətdə və xalq təbabətində geniş istifadə olunan dərman bitkisi var. Onlardan 150 dərman bitkisi müxtəlif illərdə Dövlət Farmakopeyasına daxil olunub.

Əczaçılıq ixtisası üzrə III kurs tələbələri Zülfiyyə Seyidzadə “Heyva”, Məhərrəm Hüseynzadə “Zirinc”, II kurs tələbələri Aysun Nəbiyeva “Balqabaq”, Tünzalə Quliyeva “Palıd”, Minayə Əliyeva “Qoz”, Nicat Qasımov “Yemişan”, Fəridə Məmmədova “İtburnu” haqqında məlumat veriblər.

Əczaçılıq və stomatologiya kafedrasının müəllimi Elşad İsmayılov “Naxçıvan Muxtar Respublikası əczaçılıq sənayesində istifadə xüsusiyyətləri” barəsində danışaraq müasir dövrdə kimya-əczaçılıq sənayesi tərəfindən istehsal edilən dərman maddələrinin 40 faizini dərman bitkilərinin xammalı təşkil etdiyini nəzərə çatdırıb. Bildirilib ki, respublikamızın elmi təbabətində 200 növə yaxın dərman bitkisindən istifadə olunur və hər il min tonlarla dərman bitkisi tədarük edilir. Bu kütlənin 50 faizini isə yabanı dərman bitkiləri təşkil edir.

Sonda haqqında bəhs edilən bitkilərdən hazırlanmış müxtəlif yeməklər, şirniyyatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə