Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya işinə başlayıb

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya işinə başlayıb. İlk olaraq iştirakçılar I Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

SİA xəbər verir ki, AMEA-nın Əsas binasında təşkil olunmuş tədbirdə görkəmli dövlət və elm xadimləri, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə İnstitutun 80 ildə şərəfli yol keçdiyini, ölkəmizdə geologiya elminin inkişafında mühüm rola malik olduğunu bildirib. Natiq vurğulayıb ki, bu elmi müəssisə uzun illər ərzində geoloji elmlərin inkişafına, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllinə, həmçinin Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsinə, neft strategiyasının həyata keçirilməsinə böyük töhfələr verib.

Natiq institutun alimlərinin elmi nailiyyətlərinin hər zaman dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyib. Ölkə Prezidenti İlham Əliyevin elmi müəssisənin 80 illik yubileyi münasibətilə bir qrup əməkdaşa fəxri adlar, orden və medalların verilməsi haqqında Sərəncam imzaladığını xatırladan akademik Akif Əlizadə bu sənədin elmimizə olan diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıb.

Akademik Akif Əlizadə institut əməkdaşlarının gələcəkdə də elmi tədqiqatlarda yeni geofiziki üsullar və müasir texnologiyalar tətbiq edərək yeni neft-qaz yataqlarının və faydalı qazıntıların axtarışı, kosmik texnologiyalar bazasında geoloji təhlükəli proseslərin öyrənilməsi ilə Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verəcəklərinə əminliyi vurğulayıb, yubiley münasibətilə institutun kollektivini təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

Sonra Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov "Elm zirvələrinə aparan 80 illik yol" mövzusunda məruzə ilə çıxış edib. Alim Geologiya və Geofizika İnstitutunun yaranma tarixinin 1923-cü ildə Azərbaycanın öyrənilməsi və tədqiqi cəmiyyətinın yaradılması ilə başlandığını bildirib: "1932-ci ildə bu cəmiyyətin bazasına əsaslanaraq Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi məqsədi ilə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsi (AzFAN) yaradılıb. 1935-ci ildə AzFAN-ın bazasında geologiya da daxil olmaqla bir sıra elmi istiqamətləri əhatə edən sektorlardan ibarət SSRİ EA-nın Azərbaycan filialı təsis edilib. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri – Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.A.Yaqubovun təklifi və SSRİ EA-nın Rəyasət Heyətinin dəstəyi ilə Geologiya sektoru bazasında müstəqil elmi-tədqiqat idarəsi Geologiya İnstitutu yaradılıb. 2014-cü ildə isə institutun adı dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılıb".

Geologiya sahəsindəki elmi məktəblərdən danışan D.Hüseynov bildirib ki, ölkəmizdə 1927-ci ildən başlayan paleontologiya-stratiqrafiya tədqiqatları institutda 1950-ci ildə akademik M.M.Əliyevin rəhbərliyi ilə paleontologiya və stratiqrafiya şöbəsi açıldıqdan sonra sürətlə inkişaf edib. Bu şöbənin tərkibində sonralar mezozoy, kaynozoy, paleozoy, mikrofauna və biogeokimya laboratoriyaları təşkil olunub. Qeyd edib ki, M.M.Əliyevin banisi olduğu mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbi SSRİ-də Yura və Tabaşir stratiqrafiyası üzrə "Bakı Məktəbi" kimi məşhurlaşıb.

Alim bildirib ki, Geologiya və Geofizika İnstitutunda yaranan böyük elmi məktəblərdən biri də geofizika məktəbidir. Seysmologiya və geodinamika, qravimetriya, radiometriya, maqnitometriya, geotermiya və süxurların fiziki xassələrinin öyrənilməsi istiqamətində bir çox mühüm nəticələr əldə edilib.

Hazırda Geologiya və Geofizika İnstitutu bir çox fundamental və tətbiqi xarakterli tədqiqatları həyata keçirən iri beynəlxalq elmi mərkəzdir. Burada neft geologiyası, palçıq vulkanizmi, paleontologiya və stratiqrafiya, litologiya, geofizika, geotektonika və geodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində elmi məktəblər yaranıb. Elmi nailiyyətlərin və təcrübənin nəsildən-nəslə ötürülməsi nəticəsində geologiya və geofizika, neft yataqlarının istismarı və işlənilməsi sahəsində yaranmış fundamental və tətbiqi araşdırmalar aparan məktəblər qorunub saxlanılıb.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Ukrayna MEA-nın baş elmi katibin birinci müavini, Ukrayna MEA-nın müxbir üzvü Vladimir Yemelyanov, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutunun direktor müavini, geologiya-minerologiya üzrə elmlər doktoru Vasiliy Lavruşin, Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, geologiya-minerologiya üzrə elmlər doktoru, professor Hikmət Mahmudov çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətindən, həyata keçirilən lahiyə və tədqiqatlardan, uğurlu nəticələrdən danışıblar, qurumun geologiya elminə böyük töhfə verdiyini bildiriblər. Natiqlər elmi müəssisənin kollektivini 80 illik yubiley münasibətilə təbrik ediblər, gələcək tədqiqatlarda onlara uğurlar arzulayıblar.

Sonra Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.
Elmi sessiya işinə noyabrın 16-da Geologiya və Geofizika İnstitutunda elmi məruzələrin dinlənilməsi ilə davam edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...