Yaponiya televiziyası Azərbaycan haqqında xüsusi veriliş yayımlayıb

Yaponiyanın “WorldInvestors TV” internet televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb. Xəbər verilir ki, verilişdə əvvəlcə aparıcı, televiziyanın prodüseri Kazuyasu İşida cari ildə müstəqil Azərbaycan Respublikasında bir çox əlamətdar hadisələrin yubileylərinin qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ildə son vaxtlar sürətli inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycanda Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 15-ci ili, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və tanınmış Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi qeyd olunur.

Sonra AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın qazandığı uğurlardan danışıb. Bildirib ki, istər Azərbaycan mətbuatında, istərsə də dünya mediasında Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 15-ci ildönümü ilə bağlı çoxsaylı məqalələr dərc edilir. Həmin məqalələr sırasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsini xüsusi qeyd etmək lazımdır. Məqalədə Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində qarşılaşdığı çətinliklərə xüsusi diqqət yetirilir, vurğulanır ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin ağır vəziyyətdən çıxmasında, vətəndaş müharibəsinin və Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının qarşısının alınmasında mühüm rol oynayıb. Ölkədə hökm sürən iqtisadi böhrana, xaosa son qoyulub və Azərbaycan inkişaf yoluna çıxıb. Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilib, milli-vətəndaş həmrəyliyi yaradılıb və cəmiyyətin həyatının bütün sahələrində quruculuq işlərinə başlanılıb. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək onu yeni Prezident seçib.

İlham Əliyevin ali dövlət vəzifəsində nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və etibar qazandırıb. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazanıb.

Dövlətimizin başçısı İlham Əliyev özünün 15 illik prezidentliyi dövründə daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. Uğurlu daxili və xarici siyasət, bacarıqlı dövlət idarəçiliyi sayəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu artıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində siyasi sferada olduğu kimi, iqtisadi sahədə də ciddi uğurlar qazanılıb. Ölkə iqtisadiyyatı dəfələrlə artıb, qeyri-neft sektoru, kənd təsərrüfatı, turizm infrastrukturunun inkişafı təmin edilib. Azərbaycanın valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan artaraq 2018-ci ildə 46 milyard dollara çatıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib. Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb.

Azərbaycan beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi mərkəzlərdən biri kimi, dünyanın müxtəlif ölkələrindən, o cümlədən Yaponiyadan gələn turistlərin sevimli istirahət və əyləncə yerinə çevrilib.

Vurğulanıb ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub.

Verilişdə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, ölkə rəhbərliyi Cümhuriyyətin tarixinə, onun qurucularının xatirəsinə daim böyük hörmətlə yanaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub və bu yubiley həm ölkədə, həm də onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixindəki əsas məqamlara toxunan X.Kələntər qeyd edib ki, Azərbaycan xalqı qədim dövlətçilik tarixinə, mədəniyyətinə və ənənəsinə malikdir. Xalqımız əsrlərboyu müxtəlif adlar altında dövlətlər quraraq onları idarə edib. Təbii sərvətləri və strateji coğrafi mövqeyinə görə bu dövlətlər hər zaman digər güclərin diqqət mərkəzində olub və müxtəlif təzyiqlərə məruz qalıb. Lakin Azərbaycan xalqının müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib. XX əsrin əvvəllərində Rusiya imperiyası süquta uğradıqdan sonra müstəqil dövlət qurmaq fürsəti yaranan kimi azərbaycanlılar bundan dərhal yararlanıblar. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olub. Bu Cümhuriyyət, hələ o dövrdə söz azadlığı, demokratiya, gender bərabərliyi, multikulturalizm və ali universitet təhsili kimi məxsusi dəyərlərə malik olmaqla, Şərqdə ilk demokratik respublika idi. Qadınlara səsvermə hüququ verən ilk respublika da məhz bu dövlət olub. Dövrün nadir sistemi olan Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklərin işğalı ilə üzləşərək keçmiş Sovet İttifaqının bir hissəsinə çevrilib. Nəhayət, 71 ildən sonra, Sovet İttifaqının dağılması ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edib.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin böyük əraziləri sovet hakimiyyəti illərində Ermənistana verilib. Ümumiyyətlə, Ermənistan bütünlüklə qədim Azərbaycan torpaqlarında kənar güclərin geosiyasi oyunları nəticəsində qurulmuş bir dövlətdir.

Verilişin digər iştirakçısı, Yaponiyada fəaliyyət göstərən “Musiqi Evi”nin rəhbəri, azərbaycanlı pianoçu Gülnarə Səfərova tanınmış Azərbaycan bəstəkarı Qara Qarayev haqqında danışıb. Bildirib ki, Azərbaycan xalq musiqisi çox qədim və zəngin tarixə malikdir. Azərbaycan klassik musiqisinin tarixi isə XIX əsrin sonlarından başlayır. Həmin vaxt Azərbaycan musiqiçiləri peşəkar musiqi təhsili almaq üçün Avropaya, xüsusən də Rusiyaya gedirdilər. Rusiyada ilk peşəkar musiqi təhsilini məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov alıb. XX əsrin əvvəllərində inkişafa başlayan Azərbaycan klassik musiqisi əsrin ortalarında artıq Avropa ölkələrinədək yayılıb. Bu işdə Üzeyir Hacıbəyovun yetişdirməsi Qara Qarayevin böyük rolu olub.

G.Səfərova qeyd edib ki, Qara Qarayevin əsərlərinin Avropa ölkələrində çox geniş tanınmasına baxmayaraq, Yaponiyada bu Azərbaycan bəstəkarı, onun yaradıcılığı haqqında məlumatlar çox azdır. Məhz bunu nəzərə alaraq “Musiqi Evi” Qara Qarayevin Yaponiyada tanınması və təbliği məqsədilə böyük bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunan konsert təşkil etməyi qərara alıb. Sevindirici haldır ki, Yaponiyada yaşayan digər xalqların nümayəndələri, o cümlədən yapon və rus musiqiçiləri də layihəni dəstəkləyərək konsertdə çıxış etməyə razılıq veriblər. Konsertin proqramına isə Qara Qarayevin ən məşhur əsərləri daxil edilib. Proqramda skripka üçün sonata, fortepiano üçün prelüdlər, bəstəkarın məşhur romansları, balet musiqisi var. Yaponiyada yaşayan balet ustası böyük məmnuniyyətlə Qara Qarayevin “Yeddi gözəl” baletindən Ayşənin rəqsini ifa etməyə razılıq verib.

Yapon musiqisevərləri Qara Qarayevin 100 illik yubileyi münasibətilə noyabrın 25-də Tokionun “Dojin-Kyokay” zalında keçiriləcək konsertə dəvət edən G.Səfərova gələcəkdə bəstəkarın simfonik əsərlərini də orijinal ifada yapon ifaçılara təqdim etmək arzusunda olduğunu bildirib.

Veriliş boyunca Azərbaycanın son 15 ildə əldə etdiyi uğurlardan, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və bəstəkar Qara Qarayevin yaradıcılığından bəhs edən fotolar və videoçarxlar nümayiş etdirilib.

Verilişin sonunda azərbaycanlı qonaqlara maraqlı söhbətə görə minnətdarlığını çatdıran K.İşida xalqımıza daha böyük uğurlar arzuladığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə