“Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı konfrans keçirilib

Bu gün Bakı Slavyan Universitetində (BSU) “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Bakı Slavyan Universiteti və Türkiyənin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, səfirlər, təhsil ekspertləri iştirak edirlər. SİA xəbər verir ki, konfransı açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bu beynəlxalq tədbiri Azərbaycanın xarici ölkələrlə humanitar sahədə əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Ölkəmizin bəşəriyyəti düşündürən geniş spektrli dialoqların, humanitar forumların keçirildiyi mərkəzə çevrildiyini qeyd edən professor Nurlana Əliyeva deyib: “Respublikamızın paytaxtı sivilizasiyalar arasında körpü rolunu oynayır, nəzəri və praktiki bilik mübadiləsi məqsədilə konstruktiv debatlara ev sahibliyi edir. VI Bakı Beynəlxalq Humanitar Forumu dünya birliyinin qarşısında təhsilin və elmin insan kapitalına yönəldilməsi, innovasiyaların iqtisadiyyatın yeni mənbəyinə çevrilməsi, cəmiyyətdə sabitliyin bərqərar olması üçün multikulturalizm siyasətinin reallaşdırılması, regional tərəfdaşlığın gücləndirilməsi, təhlükəsizlik, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi kimi prinsipial məsələlər irəli sürüb. Bugünkü konfrans da elm və təhsil sahəsində həmin Forumun tövsiyələri əsasında keçirilir”.

“Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva mövzunun aktuallığını vurğulayıb və konfransın işinə uğurlar arzulayıb. Tədbirin əhəmiyyətini diqqətə çatdıran Sona Vəliyeva bildirib ki, müasir dövrdə dünyada baş verən dəyişikliklər bütün sahələri olduğu kimi elm, təhsil və mədəniyyəti də əhatə edir. Xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayan elm və təhsil həm də dünyada sülh, dinclik, əmin-amanlıq yaranmasına böyük təsir göstərir. O, ümidvar olduğunu bildirib ki, Bakı Slavyan Universitetində keçirilən bu konfrans da təhsil və mədəniyyətlərin mübadiləsinə öz töhfəsini verəcək.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov beynəlxalq elmi konfransı Azərbaycanın xarici ölkələrlə humanitar sahədə əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib.

Sonra Ege Universitetinin professoru Fikrət Türkmənin, Türkiyənin Reytinq Akademiyasının professoru Turqay Berksoyun və başqalarının çıxışları dinlənilib.

Səkkiz bölmə iclasından ibarət konfransa noyabrın 16-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə