"2019-cu ildə əmək pensiyaçılarının sayı 1 milyon 294 min nəfər olacaq"

“Sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərin davamlı artımına. Bu sistemin əhatə dairəsinin genişləndirilməsinə nail olmaqla dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatları biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığın azaldılması və digər işlər geniş vüsət alıb". SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, pensiya, müavinət sosial yardım formasında ödənişlərlə təmin olunan 2.1 milyona yaxın insanın və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsivə onun uzun müddətli inkişafı üçün etibarlı, dayanıqlı inkişafın formalaşdırılması ilə bərabər korupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf, və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması, islahatlar paketinin əsas hədəfini təşkil edir.

Nazirin sözlərinə görə, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqüdlərini, 50.2 min ailənin 200 min 200 üzvü isə sosial yardım alır: "Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir".

S. Babayev qeyd edib ki, cari ildə ölkə iqtisadiyyatının inkişaf meylləri növbəti illərdə sosial iqtisadi inkişafın əsas proqnozları, 2017-2018-ci illər Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrasının nəticələri 2018-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf tendensiyaları pensiya təminatı sahəsində aparılan kompleks tədbirlərin təsirləri də nəzərə alınmaqla pensiya sisteminin paramaterlərinin dəyişməsi əsas götürülüb: "Apardığımız hesablamalara görə, 2019-cu ildə demoqrafik inkişaf meylləri, əhalinin məşğulluğu və sosial vəziyyətinin göstəriciləri, eləcə də pensiya qanunvericiliyində son dəyişikliklər nəzərə alınmaqla sığorta pensiya sisteminin əsas parametrləri aşağıdakı kimi gözlənilir. Doğulanların sayı 150 min nəfər , doğulanda gözlənilən ömrün uzunluğunun 75.7 yaş, qadınlar üçün 78, kişilər üçün 73.5 yaş, 15-64 yaş arası əmək qabiliyyətli ümumi əhalinin 71 faizi, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6.4 faizini təşkil edəcək".

Nazir qeyd edib ki, növbəti ildə iqtisadiyyatla məşğul olanların sayı 4 milyon 994 min nəfər olacaq: "Muzdlu işçilərin orta illik sayı 1 milyon 548 min nəfər olacağı proqnozlaşdırılır. 2019-cu ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əmək pensiyaçılarının orta bir illik sayının 1 milyon 294 min nəfər olacağını göstərir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə