Komitə sədri: "Niyə hər 5 ildən bir qaz kəməri çəkməliyik?"

“Mən bizim bəzi deputatlardan fərqli olaraq dövlət büdcəsindən heç bir sahəyə əlavə vəsaitin artırılması haqqında danışmayacağam, ayrılan vəsaitin daha səmərəli istifadəsi barədə danışacağam. Bələdiyyələrə 5.2 milyon manat dotasiya və 500 milyon manat isə subvensiyaya ayrılıb. Dotasiya elə bir şeydir ki, ayrılır, nə edirsən et. Heç onun hesabatı da yoxdur. Amma subvensiya ayrılan vəsait konkret layihələrlə əlaqədardır. Bu baxımdan subvensiyanın həcmi dotasiyanın hesabına artırılsın”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Komitə sədri hesab edir ki, eyni zamanda dotasiyaya ayrılan vəsait bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borclarının müəyyən qədər ödənilməsinə yönəldilsin. Əslində hazırda bir çox bələdiyyələrin DSMF-yə olan borclarına görə, onların hesabları bağlıdır. Dotasiyanın hesabına bu məsələ həll olunsa, hesab edirəm ki, həm DSMF-nin büdcəsi artar, həm də bələdiyyələrin fəaliyyətində dönüş yaranar”.

A.Rəhimzadə çıxışı zamanı Neftçala rayonunda kəndlərin qazlaşdırılması ilə bağlı problemlərə də toxunub. Millət vəkili qeyd edib ki, rayonda 5 kəndən 4-nə qaz çəkilib. Lakin mərkəzdə yerləşən kəndə qaz çəkilmir: “Bu, tək fakt deyil. Digər kəndlərdə də belə hallar var. 2015-ci ildə Neftçala rayonunun qazla təmine dilməsi üçün xüsusi kəmər çəkilsə də, bir neçə ildən sonra məlum oldu ki, bu kəmər rayonun qaz ehtiyatını ödəmir bə yeni qaz kəməri çəkilir. Bəyəm bunu çəkməzdən əvvəl həll etmək olmazdırmı? Niyə hər 5 ildən bir qaz kəməri çəkməliyik?”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə